Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iyulun 5-də qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlmişdir
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoymuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat vermişdir ki, abidənin yerləşdiyi 4 hektarlıq ərazinin yenidən qurulmasına 2012-ci ildə başlanılmış, ərazinin yarısında bərpa işləri həmin ildə başa çatdırılmışdır. Qalan 2 hektar sahə isə bu il abadlaşdırılmışdır. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra binada yaradılmış şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətində rayon təşkilatlarının rolu danılmazdır. Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir. Həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Bildirilmişdir ki, son illər Qazax rayonunda çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binası da memarlıq üslubu və əməkdaşların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti ilə seçilir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin partiya quruculuğu ilə bağlı fəaliyyətini əks etdirən fotostendlər quraşdırılmışdır.
Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirilmişdir ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanmışdır. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları vardır. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompyuter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlasdırılmışdır.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirmişdir.
İlham Əliyev Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak etmişdir
Dövlət başçısı Muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Bildirilmişdir ki, Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılmasında mühüm keyfiyyət dəyişikliyinə təkan vermişdir. Respublikamızda muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.
Qazax şəhərinin Heydər Əliyev prospektində yerləşən Muzeyin binası üçmərtəbəlidir. Binanın inşasına 2012-ci ilin avqustunda başlanılmışdır. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.
Sonra Dövlət Başçısı Muzeyin ətrafındakı tam yenidən qurulmuş və abadlaşdırılmış park və meydanlarla tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra ona məlumat verilmişdir ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmi.dir ki, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin tikinti sahəsi 400 kvadratmetrdir.
Bildirildi ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə 2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir. Mərkəzdə uşaqların əylənmələri üçün bütün şərait yaradılmışdır. Kompyuter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax-Quşçu Ayrım avtomobil yolunun inşası başa çatmış 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxmış və məlumat verilmişdir ki, Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayırıcıların tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət almışdır. Ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Qazaxda da kənd yollarının inşası və yenidən qurulması ilə bağlı silsilə tədbirlər reallaşdırılır.
Bildirilmişdir ki, ümumi uzunluğu 27 kilometr olacaq bu yol öz başlanğıcını Bakı–Gürcüstan dövlət sərhədi magistralının 469–cu kilometrliyindən götürür. Yol rayonun 26 min əhalisinin yaşadığı 15 kəndini – Çaylı, Kommuna, Ürkməzli, Dəmirçilər, Daş Salahlı, Alpout, Aşağı Əskipara, Bağanis Ayrım, Yuxarı Əskipara və digər yaşayış məntəqələrindən keçir. İnşasına bu ilin mayında başlanmış və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 6,9 milyon manat vəsait hesabına tikilmiş yolun 15 kilometri istismara hazırdır. Yolun qalan 12 kilometrlik hissəsi isə bu ilin sentyabrında istifadəyə veriləcəkdir.
Qeyd edilmişdir ki, ikizolaqlı yolun torpaq yatağının eni 10-12, hərəkət zolağının hər birinin eni 3,5 metrdir. Qazaxda kənd yollarının inşası ilə bağlı digər tədbirlər də həyata keçirilir.
Yeni yolla tanış olan Prezident İlham Əliyev öz tapşırıq və tövsiyələrini vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verilmişdir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılır. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.
Bildirilmişdir ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur.
Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir.
Sonra Prezident İlham Əliyev inzibati binada yaradılan şəraitlə tanış olmuşdur. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi, o cümlədən regionların inkişafı ilə bağlı həyata keçirdikləri tədbirləri əks etdirən fotoguşə yaradılmışdır. İnzibati binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait vardır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Dəhlizlərdə Azərbaycanın qədim tarixi, maddi-mədəniyyət abidələri barədə dolğun təəssürat yaradan incəsənət nümunələri də xoş ovqat doğurur.
Dövlətimizin başçısına mərkəzi nəzarət otağında müəssisə barədə ətraflı məlumat verilmişdir. Buradakı stendlərdə zavodun texnoloji sxemi, tikinti üzrə investisiya layihəsi, baş plan və layihəyə aid digər məsələlər konkret əksini tapmışdır.
Müəssisənin maketi əsasında Prezident İlham Əliyevə bildirildi ki, gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sement olan zavodun inşası iki mərhələdə aparılır. Birinci mərhələdə sement istehsalı xətti istifadəyə verilir. İkinci mərhələdə isə klinker istehsalı xəttinin tikinti-quraşdırma işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur. Bu ilin martında sement istehsalı xəttinin inşaat və quraşdırma işləri tamamlanmış, avadanlıq üzrə soyuq və isti sınaqlara başlanmışdır. Sınaqlar uğurla yekunlaşmışdır. Müəssisədə bir neçə markada sement istehsal olunacaqdır. Bununla əlaqədar uyğunluq sertifikatları alınmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.
Dövlətimizin başçına bildirildi ki, zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılmış və ən müasir avadanlıqla təchiz edilmişdir. Zavodun idarə edilməsi mərkəzi nəzarət otağından həyata keçirilir.
Prezident İlham Əliyev buradan istehsal xəttini işə saldı.
Qeyd olundu ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin işə salınması nəzərdə tutulmuşdur. Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğulardır. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin reallaşması ölkəmizin qərb regionunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulmuşdur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Dövlətimizin başçısı çıxış etmişdir.
Sonra AKKORD şirkətinin Direktorlar Şurasının sədri Xaqani Quluzadə və rayon sakini Məmməd Yusifov çıxış etmişlər.
Sonda xatirə şəkilləri çəkilmişdir.