20 Yanvar Azərbaycan tarixinin qanlı və şərəfli səhifəsidir
Qazax rayonunda 20 Yanvar faciəsinin iyirimi səkkizinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, orta məktəblərin şagirdləri, rayonda çalışan fəal gənclər iştirak edib. Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış unudulmaz qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar həm də Azərbaycanın azadlığa qovuşmasında önəmli rolu olan bir gündür.
Tədbirdə xalqımızın azadlığı uğrunda canlarından keçən Vətən oğul və qızlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.
Çıxışlarda qeyd olunub ki, bu qanlı hadisəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. 1993-cü ildə ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Çıxışlarda ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev cənablarının ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyi bildirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq 20 Yanvar şəhidlərinin göstərdikləri qəhrəmanlığın gənc nəsillərə böyük bir örnək olduğunu qeyd edib, onların əziz xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib.
Vəli VƏLİYEV
“Respublika”
25.01.2018-ci il