“Qaratel” filminin təqdimatı olmuşdur
Azərbaycanın qəhrəman qızlarından biri, yaşasaydı 65 yaşı tamam olan şəhidimiz, ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuş Qaratel Hacımahmudovanın həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Qaratel” sənədli filminin doğulub boya-başa çatdığı Qazax rayonunda təqdimatı olmuşdur. Mədəniyyət mərkəzində keçirilən təqdimat mərasimində idarə, müəssisə rəhbərləri, tələbələr, qəhramanın döyüş yoldaşları, yaxınları və doğmaları iştirak etmişdir.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi şair Barat Vüsal mərasimi giriş sözü ilə açaraq Qaratel Hacımahmudovanın həyat və qəhrəmanlıq yolundan danışmış və belə filmlərin çəkilməsini yüksək dəyərləndirmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev təqdimat mərasimində çıxış edərək Q.Hacımahmudovanın çox mərd, ədalətli, humanist bir qadın olmasından söz açmışdır. Göstərilmişdir ki, Qaratel xanımın vətən sevgisi və qəhrəmanlığı nəinki qadınlara kişilərə də örnəkdir.
Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin RT-nın sədri Xasay Balayev, Q.Hacımahmudovanın adını daşıdığı şəhər əsas ümumtəhsil məktəbinin direktoru Yeganə Göyüşlü çıxışlarında Qaratel xanımın vətən, millət sevgisindən və erməni daşnaqlarına qarşı aparılan döyüşlərdə necə qəhrəmanlıqlar göstərməsindən, qeyri-bərabər döyüşlərin birində qəhrəmancasına şəhid olmasından söz açmışlar.
Filmin rejissoru Kəmalə Musazadə çıxış edərək film barədə və onun gənclər üçün önəmi barədə danışmış və gəcnləri bu cür qəhrəmanlarımızdan nümunə götürməyə çağırmışdır.
Sonra filmin nümayişi olmuşdur və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Axırda Qaratel Hacımahmudova ilə ağlı məlumatların əks olunduğu materiallar və şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi “Qaratel” poeması da tədbir iştirakçılarına paylanılmışdır.