Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü keçirilib

27 yanvar 2018 | 16:00

Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günü ilə əlaqədar tədbir keçirilib. Şəhidlər Xiyabanında keçirilən tədbirdə Qazax RİHB  aparatı, Milli Qəhrəmanın ailə üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Qarabağ Müharibəsi əlilləri və iştirakçəları, KİV nümayəndələri  iştirak edib.
Əvvəlcə Mərfət Nəsibovun və bütün şəhidlərin ruhuna dualar oxunub.
Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov tədbirdə çıxış edərək Mərifət Nəsibovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, belə mərd oğul və qızların mərdliyi, mübarizliyi sayəsində Qazax rayonu müdafiə olunmuş, düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Bildirib ki, Mərifət Nəsibovun, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımızın əbədi xatirəsi daima qəlblərdə yaşayacaqdır.
Sonra Qarabağ qazilərindən Natiq Alıyev, Qurban Qurbanov, Kamil Musavi və başqaları çıxış edərək Mərifət Nəsibovun igidliyindən söz açmışlar. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və onların ailələrinə göstərdiyi diqqət və qayğıya, Şəhidlər Xiyabanını yaratdığına görə İcra başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Milli Qəhrəmanın qardaşı Hümbət Nəsibov çıxış edərək şəhid qardaşının anım gününü belə yüksək səviyyədə keçirtdiyinə, onlara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailələri adından sonsuz təşəkkürlərini çatdırıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  tədbrə yekun vuraraq Mərfət Nəsibova və eləcə də bütün şəhidlərə bir daha allahdan rəhmət diləyib. Qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün oğul və qızlarımız hər cür hörmət və ehtirama layiqdir. 

Mərfət Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonunun  Məzəm kənində anadan olmuşdur. O, 1979-cu ildə burada  məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən  torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik  və fədakarlıq  nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına şox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.
1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına  həlak oldu. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin  7 iyul  1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.
Qazax rayonundakı H.Əliyev adına parkın giriş hissəsində adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə əsaslı şəkildə təmir olunaraq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Keçidlər