Qazax : Sərhədyanı kəndlərdə abadlıq işləri
Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğul və qızlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad ediblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda qeyd edib ki, yola saldığımız 2017-ci il istər tikinti-quruculuq, istərsə də kənd təsərrüfatı sahəsində olduqca məhsuldar bir il oldu. Hesabat ilində kəndlərdə, eləcə də cəbhəyanı ərazidə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində də diqqətəlayiq işlər görüldü. Kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşılmış, kənddə mövcud olan problemlər zaman-zaman öz həllini tapmışdır. Bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunub. Kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün kənddəki bütün evlərin qarşısına istinad divarları çəkilibdir. Su məsələsi də həll edilmişdir. Bir sözlə, kənddəki bütün sosial məsələlər öz müsbət həllini tapmışdır.
Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndəsi Yusif Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuza rəhbər təyin edildikdən sonra rayonmuzun siması əsaslı şəkildə dəyişmiş, böyük abadlıq və quruculuq işləri görülmüş və bu proses artan sürətlə davam etməkdədir. Qeyd edib ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə dəfələrlə gəlmiş, əhali ilə görüşmüş, əhalinin sosial problemləri ilə yerində tanış olmuş və bu problemlərin həll edilməsi ilə bağlı öz göstərişlərini vermişdir. Bildirib ki, nümayəndəlik özündə iki kəndi - Quşçu Ayrım və Məzəm kəndlərini birləşdirir. Nümayəndəlik üzrə cəmi 451 ailə, 1483 nəfər əhali qeydiyyatdadır. Nümayəndəliyin ərazisi 1200 kv.metrdir.
Hesabat ilində nümayəndəlik üzrə vətəndaşlara məxsus iribuynuzlu mal-qaranın sayı 800 baş, xırdabuynuzlu davarların sayı isə 4960 baş təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 5 baş, xırdabuynuzlu davarların baş sayı isə 50 baş artmışdır. 2017-ci ildə nümayəndəlik ərazisində 2018-ci ilin məhsulu üçün 87 hektarda əkin aparılmış, bundan 86 hektarında buğda, 1 hektarında vələmir əkilmişdir. Müvafiq olaraq Quşçu Ayrım kəndində 17 hektarda buğda, Məzəm kəndində isə 69 hektarda buğda, 1 hektarda vələmir əkini aparılmışdır.
Quşçu Ayrım kənd ərazisində olan artezian ilə Məzəm kənd Coğaz su dəryaçasından gələn su xətti birləşdirilərək əlavə yeni su nasosu quraşdırılmış və Quşçu Ayrım kənd əhalisinin istifadəsinə verilmişdir.
Quşçu Ayrım və Məzəm kənd sakinlərinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatında heç bir problem yoxdur.
Kənd sakinlərindən Mahirə İsmayılova, Süleyman Süleymanov, Bahadur Məmmədov, Tahir Allahverdiyev və b. söz alaraq kənddə görülən işlərdən danışıblar. Şəhid atası Aslan Pirvəliyev və Abbas Mirzəyev çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ölkə Başçısına şəhid ailələri adından minnətdarlıqlarını bildirirblər.
Vəli VƏLİYEV
“Respublika”
28.01.2018-ci il