20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Qazax rayonundakı Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilatlarda, əmək kollektivlərində çalışan minlərlə rayon sakini, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, QHT və partiya üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunlarının xalqımıza qarşı törətdiyi terror aktından və vəhşiliklərdən danışmışlar. Bildirilmişdir ki, o dövrdə tək və köməksiz qalmış xalqımızın fəryadına yalnız ulu öndər, ümummilli lider Heydər Əliyev səs vermiş və dayaq olmuşdur.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları abidə önünə qırmızı qərənfillər qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Sonda Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında faciəyə həsr olunmuş ədəbi kompozisiya göstərilmişdir.