Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

22 fevral 2014 | 16:00

Qazax rayonunda  2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, RİHB Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, KİV nümayəndələri, siyasi partiyaların, ictimai və qeyri- hökümət təşkilatlarının nümayəndələri  iştirak etmişdir. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbir 2013-cü ildə Qazax rayonunun sosial-iqtisadi inkişafına və tikinti quruculuq və abadlıq işlərinə dair filmin nümayişi ilə başlamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov 2013-cü ildə Qazax rayonunun  sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr haqqında geniş  məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, mərkəzi xəstəxananın baş həkimi Arzu Novruzov, elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev,  Qazax sement zavodunun direktoru Hikmət Qəribov, millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi       Habil Əzənmədov çıxış etmişlər.
Yekunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.

Məruzəni  ixtisarla dərc edirik:
Hörmətli yığıncaq iştirakçıları,
Bildiyiniz kimi, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda bildirmişdir ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran məsələlər öz həllini tapmışdır. Böyük lahiyələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artmışdır. Qeyri-neft sektoru 10 faiz artmışdır. Bu son illərdə aparılan islahatların nəticəsidir. Ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Onun 17,5 milyard dolları daxili sərmayədir. Keçən il valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Bu da daxili məhsulun 70 faizini təşkil edir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Keçən il 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnfilyasiya isə cəmi 2,4 faiz olmuşdur. Əhalinin pul gəlirləri infilyasiyanı 3 dəfədən çox üstələmişdir. 2013-cü ildə maaşlar və pensiyalar artırılmışdır.  Sovet vaxtından qalan əmanətlərin  kompensasiya şəklində əhaliyə verilməsi prosesi başa çatmışdır. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbət olmuşdur. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır.
Keçən il qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Respublikamız kosmik klubun üzvü olmuşdur. Bu, dövlətimizin böyük tarixi nailiyyətidir. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ötən il sahibkarlara güzəştli sərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu il də bu, davam etdiriləcəkdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində son illərdə böyük addımlar atılmışdır, idxaldan aslılığımız böyük dərəcədə azalmışdır.
Bu il meliorasiya və irriqasiya layihələri nəticəsində əlavə olaraq on minlərlə hektar torpaq sahəsi suvarılacaqdır. Artıq Taxtakörpü su anbarı istifadəyə verilmiş, Şəmkirçay su anbarının tikintisi isə davam edir və bu il başa çatdırılacaqdır. Bu, qərb zonasında da kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. 2013-cü ildə yüzdən çox kənddə subartezian quyuları qazılmışdır. Bu il isə ən azı iki yüz kənddə subartezian quyuları qazılacaqdır. Əhalinin içməli su ilə təmin edilməsi işində bu layihənin də böyük əhəmiyyəti olacaqdır. Hazırda infrastruktur layihələrinin içində ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla davam edir. Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatmalıdır.
2013-cü il neft-qaz sektorunda da tarixdə qalacaqdır. Dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir, qələbədir, XXI əsrin layihəsidir. “Şahdəniz-2” , TANAP, TAP layihələrinin icrası ancaq ilkin hesablamalara görə 45 milyard dollar  investisiyanın cəlb edilməsinə xidmət edəcəkdir. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi Azərbaycan tərəfindən irəli sürülmüş layihələr hesabına təmin ediləcəkdir. Ötən il elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapmışdır. “Cənub” Elektrik Stansiyası istifadəyə verilmişdir.
Hazırda respublikada qlobal nəqliyyat layihələri icra edilir. Ötən il sosial obyektlərin tikintisi də genişləndirilmişdir. 300-ə yaxın məktəbdə, 80-dən çox tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır.
2013-cü ildə ölkəmizdə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Böyük həcmdə silah-sursat, ən müasir texnika alınmış, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır. Bu gün ordumuz dünyanın ən güclü orduları sırasındadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində səylər davam etdirilir. Həmin münaqişə ölkəmizin ərazi bütövlüyü istiqamətində öz həllini tapmalıdır. Ötən il erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin həlli istiqamətində işlər davam etdirilmiş, 20 min köçkün yeni evlərə köçürülmüşdür. 2014-cü ildə də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulmuşdur.
2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir – Prezident seçkiləri keçirilmişdir. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən yüksək əhval-ruhiyyə bir daha seçkilərin şəffaf, ədalətli keçirilməsini təsdiq etmişdir.
Hörmətli yığıncaq iştirakçıları,
        “2009-2013-cü illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası 2013-cü ildə Qazax rayonunda da  uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 iyun 2012-ci il tarixli, 2255 nömrəli sərəncam ilə Qazax şəhərində “Ədəbiyyat Muzeyi”nin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə  5 milyon manat vəsait ayırmışdır. “Ədəbiyyat muzeyi”nin tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Heydər Əliyev Mərkəzində əsaslı təmir və Heydər Əliyev parkının 2 hektar hissəsində yenidənqurma işləri aparılmış, 2.500 m2 əraziyə tamet daşları döşənmiş, 1.500 p/m bardur düzülmüş, 15.000 m2 sahəyə çəmən otu əkilmiş, müasir oturacaqlar qoyulmuş, işıqlandırma və suvarma sistemi qurulmuşdur. Parkın ərazisində ətrafında əyləncə qurğuları quraşdırılan “Uşaq əyləncə” mərkəzinin və süni gölün ikinci pilləsi tikilmişdir.  Şəhərin mərkəzində 3 hektar sahəsi olan “Fəxri Qazaxlılar” parkı tamamilə yenidən qurulmuş, parkın ərazisində olan büstlərin və heykəllərin postamentləri təzələnmiş, büstlər və heykəllər restovrasiya olunmuş, 1 ədəd 4,5 m hündürlüyündə şəlalə və 4 ədəd fəvvarə tikilmiş, 11.200 m2-dən artıq əraziyə tamet  daşları döşənmiş, 4.100 p/m uzunluğunda bardur düzülmüş, 8.000 m2 sahəyə qazon otu, dekorativ ağaclar və gül kolları əkilmiş, parkın ərazisində uşaq əyləncə qurğuları quraşdırılaraq yeni müasir oturacaqlar qoyulmuş, işıqlanma və suvarma sistemi qurulmuşdur.
2013-cü ildə YAP Qazax rayon təşkilatı üçün yüksək standartlara cavab verən         2 mərtəbəli 322 m2 sahəsi, 80 yerlik akt zalı, 40 yerlik konfrans zalı və bütün avadanlıqlarla təmin olunmuş 7 iş otağı və digər texniki otaqları olan yeni inzibati bina tikilərək istifadəyə verilmişdir.
2007-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ümumi ərazisi 56 hektar, tikinti sahəsi 48 hektar, illik gücü 1 milyon ton olan Qazax sement zavodunun təməli qoyulmuşdur. 2013-cü ildə zavodda sement istehsalına başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli 2730 N-li sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. 05 iyul 2013-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyev Qazax rayonuna səfəri zamanı “Qazax Sement” zavodunun, “Ədəbiyyat muzeyi”nin, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Qazax Quşçu Ayrım avtomobil yolunun hazır olan 15 km hissəsinin, Uşaq əyləncə mərkəzinin açılışlarında iştirak etmiş və yenidən qurulmuş “Fəxri Qazaxlılar” parkı ilə tanış olmuşdur.
Ölkə başçısı Qazax rayonuna səfəri zamanı rayonda aparılmış abadlıq-quruculuq işləri ilə əlaqədar öz razılığını bildirmiş və Qazax rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  Qazax rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il Dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması haqqında 8 iyul 2013-cü il tarixdə 2996 nömrəli Sərəncam imzalamışdır. Bundan əlavə Qazax-Quşçu Ayrım avtomobil yolunun tikinti işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2013-cü il tarixli 3183 nömrəli sərəncamı ilə 2 milyon manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 3983 nömrəli sərəncamı ilə 1.720,9 min manat vəsait ayrılmışdır. Hazırda yolun tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.
Qazax Mədəniyyət mərkəzinin binasının dam örtüyü dəyişdirilərək mansar tipli yeni dam örtüyü quraşdırılmışdır. Heydər Əliyev prospekti boyunca yaşayış və inzibati binaların fasadları milli arxitekturaya uyğun olaraq aqlay daşı ilə üzlənmiş, hasarlar çəkilmiş, həyətlərə giriş qapıları düzəldilmiş, səkilərin kənarında olan yaşıllıqlara 3.000 m2-dən artıq çəmən otu əkilmişdir.
Qazax rayonu üzrə ümumillikdə 15.000 m2  tamet daşı döşənmiş, 5.600 p/m bardur düzülmüş, 26.000 m2 sahəyə qazon otu, 20.000 ədəd dekorativ kollar və güllər, yol kənarlarına isə 12.000 ədəd ağac əkilmişdir. Şəhərin  prospekt və küçələrində işıqlandırıcılarla birlikdə 453 ədəd yeni işıq dayaqları quraşdırılaraq, SİP kabellərlə yeni xətlər çəkilmişdir. Bu iş indi də davam etdirilir.
Azadlıq küçəsində qəza vəziyyətində olan kommunal binanın sakinlərinin yerləşdirilməsi üçün 24 mənzilli yeni yaşayış binasının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Rayon Polis şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Qazax şəhərində 17 ədəd çox mənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad hissələri milli arxitekturaya uyğun olaraq təmir olunmuşdur. 2013-cü ildə rayon ərazisində 11 ədəd subartezian quyuları qazılmışdır.
Rayon üzrə 5 (beş) yeni məktəb binası tikilmiş, bir məktəbdə isə  bərpa və əsaslı təmir işləri aparılmışdır. Bundan əlavə, 3 (üç) məktəbdə tikinti, bir məktəbdə isə bərpa gücləndirmə işlərinə başlanılmışdır.
2013-cü ilin mart ayında baş vermiş təbii fəlakət zamanı məcburi köçkünlər yaşayan beş mərtəbəli yataqxanaya və Ş.Xiyabanı küçəsindəki beş mərtəbəli yaşayış binasına dəyən ziyan aradan qaldırılmış, hər iki binanın dam örtükləri dəyişdirilmişdir.
Ötən müddət ərzində Dəmirçilər və Ürkməzli kəndlərinə içməli suyun çəkilişi, Dəmirçilər kəndində suvarma su arxının 900 metr hissəsinin beton üzlüyə alınması, diametri 800 mm olan metal boru ilə 250 metr uzunluğunda su arxının bərpa edilməsi işi başa çatdırılmış və 2 ədəd su nasosu quraşdırılmışdır.
Cənab Prezidentin məlum sərəncamına uyğun olaraq məcburi köçkünlərin sosial-inkişaf fondunun xətti ilə Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli yaşayış binalarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Hazırda layihə institutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanır, yaxın vaxtlarda tikintisinə başlanılacaqdır.
Hörmətli yığıncaq iştirakçıları,
2013-cü ildə rayonumuzda olan 46.380 nəfər iqtisadi fəal əhalinin 45.630 nəfəri iqtisadiyyatda məşğul olanlardır.
Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Belə ki, 2003-cü ildən bu günədək  rayon üzrə 9.093 yeni iş yeri açılmış, 2013-cü ildə isə rayonnda 16 yeni müəssisə yaradılmış, 877-i daimi olmaqla 957 yeni iş yeri açılmışdır.
2013-cü il ərzində 18 dövlət və qeyri-dövlət müəssisələrindən 236  boş iş yeri təqdim edilmiş, 457 nəfər Qazax rayon Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 322 nəfər iş axtaran kimi qeydiyyata alınmış və 120 nəfər münasib işlə təmin olunmuşdur.
Qazax rayonu üzrə 2013-cü ilin yerli gəlir və xərclərinin proqnozu 19.775.930 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 4.900.000 manatını yerli daxilolmalar, 14.875.930 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 24,8 faiz, dotasiya isə 75,2 faiz olmuşdur.
2013-cü ildə yerli daxilolmalar 4.900.000 manat proqnoza qarşı 5.130.222 manat və ya 104,7 faiz yerinə yetirilərək büdcəyə 230.220 manat çox vəsait mədaxil olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 775.589 manat və ya 17,8 faiz çox vəsait daxil olmuşdur.
Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 93,6 faiz icra olunmuşdur.
2013-cü ildə yerli gəlirlər 98 faiz  yerinə yetirilmiş, yerli xərclər: 96,8 faiz və ya 1.176.653 manat az olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.292.604  manat  çoxdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.
Rayon ərazisində 6 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri,1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
2013-cü il ərzində əhaliyə 38.179.840 manat kredit verilmişdir ki, bunun da 33.692.610 manatı qısamüddətli, 4.487.230 manatı isə uzunmüddətlidir.
Əhalidən 938.644 manat və 115.150 ABŞ dolları əmanətlər cəlb olunmuşdur.
İl ərzində 56 sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5.000.150 manat kredit verilmişdir. Kənd yerlərinin kreditləşməsi yolu ilə 6 nəfərə 30 min manat kredit verilmişdir.
       Hesabat ilində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 33.881.600 manat, ümum məhsul buraxılışı 141.107.200 manat olmuşdur.
Adambaşına düşən ümumi məhsulun həcmi 1.527 manat, orta aylıq əmək haqqı 228,3 manat olmuşdur.  Əhalinin  pul  gəlirlərinin  artması hesabına  rayonumuzun yaşayış  məntəqələrində   248 fərdi  yaşayış  evləri  tikilmişdir.
Son illərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar qəbul edilmiş Sərəncam və Qərarların icrasının nəticəsidir ki, 2013-cü ildə biçilmiş 6.413 hektar sahədən 16.417 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 1347  ton çoxdur. Orta hesabla hər hektardan məhsuldarlıq 25,6 sentnerə çatdırılmışdır. Bununla yanaşı, qarğıdalı istehsalı 2302 tona,  meyvə istehsalı 598 ton artırılaraq 14.124 tona, üzüm istehsalı 68 ton artırılaraq 3.579 tona, tərəvəz istehsalı isə 11.669 tona çatdırılmışdır.
2013-cü təsərrüfat ilində zərərverici və xəstəliklər tərəfindən məhsul itkisinə yol verməmək məqsədilə 10.100 hektarda zərərvericilərə 7.410 hektarda xəstəliklərə və 2.810 hektarda alaq otlarına qarşı mübarizə işləri aparılmışdır.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2013-cü ilin iyun ayında 4.789 nəfər istehsalçının becərdiyi 14.311 hektar sahə üçün 572.448 manat yanacaq və motor yağına görə yardım hesablanaraq verilmişdir. İl ərzində istehsalçılara güzəştli qiymətlə 40 ton azot kübrəsi satılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2013-cü il tarixli Sərəncamı ilə  rayon üçün  taxılyığan kombaynlar ayrılmışdır ki, bu da taxıl məhsulunun qısa müddətdə itkisiz yığılmasına şərait yaradacaqdır.
Əkin sahələrini suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2014-cü il tarixli Sərəncamı ilə rayon ərazisində əlavə 16 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, bu da əkin sahələrinin su təminatını  yaxşılaşdıracaqdır.
Suvarma Sistemləri idarəsi tərəfindən 2013-cü vegetasiya ilində havaların çox quraq keçməsi və su mənbələrində kifayət qədər suvarma suyunun toplanmaması nəticəsində istehsalçılar suvarma suyu ilə tam təmin olunmamışlar. Yalnız ayrıclardan təsərrüfatlara verilən 43.3 milyon m3 su ilə artan yekunla 24.413 min hektar əkin sahəsi suvarılmışdır ki, bu da nəzərdə tutulandan çox azdır. Qazax Suvarma Sistemləri idarəsi tərəfindən 2013-cü ildə 670 min m3 arxlarda lildən təmizlənmə işləri aparılmışdır. Bundan 299 min m3-i Qazax Melioservis idarəsi tərəfindən aparılmışdır. Örtülü suvarma şəbəkələrində Dövlət Proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir.
Mövcud şum traktorlarından və digər kənd təsərrüfatı texnikalarından səmərəli istifadə olunaraq kifayət qədər şum qaldırılmışdır. Bunun nəticəsidir ki, bu ilin məhsulu üçün 8.160 hektarda payızlıq taxıl səpilmişdir bunun 6.010 hektarı buğda olmaqla keçən ilkinə nisbətən 2000 hektar çoxdur.
2013-cü ilin yazında və payızında rayon ərazisində 265.500 ədəd müxtəlif növ ağaclar əkilmişdir, bunun da 20.000 ədədi magistral yol kənarlarına, şəhər və kənd daxilinə, 245.500 ədədi isə Meşə Mühafizəsi və Bərpası müəssisəsi tərəfindən əkilmişdir.  Əkilmiş ağaclara aqrotexniki xidmət işləri davam etdirilir.
Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli Sərəncamı yüksək məhsuldarlığın təmin edilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılmasına şərait yaradır. Xüsusi ərzaq mağazalarının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.
2013-cü ildə mayalandırılmış heyvanlardan 174 baş çox bala əldə edilmişdir. Heyvandarlıq sahəsində məhsul istehsalı artmaqdadır. Belə ki, 2013-cü ildə ötən ilə  nisbətən 1.328 ton artıq süd,  81 ton (diri çəkidə) artıq ət istehsal olunmuşdur. 202.000 ədəd çox yumurta alınmış, iribuynuzlu mal-qaranın baş sayı 66 baş artmışdır. 
Əhalinin Sosial Müdafiəsi Fondunun rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2013-cü ildə  ödəniş müəssisələrinə 25.200.000 manat vəsait köçürülmüşdür. Bu keçən ilin müvafiq dövrünə nisbətən 562.600 manat çoxdur. 2013-cü ildə şöbədə sosial sığorta haqları üzrə yığım proqnozu 89,5 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 163.400 manat artıq olmuşdur.
2013-cü ildə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6.200.640 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 29 avqust 2013-cü il tarixli fərmanına əsasən 2013-cü ilin 01 sentyabr tarixindən müavinətlərin məbləği artırılmışdır. 2013-cü ildə 1.787 ailəyə 2.366.250 manat ünvanlı sosial yardım təyin edilib ödənilmişdir.
Bununla yanaşı ÜSY-ın təyin olunmasında və vətəndaşların müraciətlərinə baxılmasında mövcud nöqsanlar hələ də tam aradan qaldırılmamışdır.
Hesabat ili ərzində əhaliyə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahələrində də bir sıra işlər görülmüşdür.
Qazax Telekommunikasiya Qovşağı cari ildə  planı 101 faiz yerinə yetirmiş və ötən müddət ərzində 76 ədəd yeni telefon xətti çəkilərək  vətəndaşların istifadəsinə verilmişdir.
2013-cü ildə Qazax rayonunda əhalinin sürətli internet xidmətinə olan tələbatını nəzərə alaraq 912 ədəd port artırılaraq sürətli internet xidmətindən istifadəçilərin sayı 2.552 abonentə çatdırılmışdır.  Əhalinin telefona olan tələbatını ödəmək məqsədi ilə Cəfərli EATS-nin tutumu 16 nömrə artırılmış, Daş Salahlı, Çaylı və Kosalar EATS-də olan boş nömrələrin paylanması məqsədilə 700 N-lik xətt təsərrüfatının tikintisinə başlanılmışdır.
Mərkəzi EATS-in inzibati binası, Kəmərli, Aslanbəyli, Birinci Şıxlı və Cəfərli kənd EATS-nin binaları təmir olunaraq istifadəyə verilmişdir. “Elektron imza” layihəsi çərçivəsində inzibati binada tədris mərkəzi otağı tikilib istifadəyə verilmişdir.
Qazax Poçt filialı 2013-cü il ərzində planı 102 % yerinə yetirərək  əhalidən elektrik enerjisi, qaz, su və telefon pulları qəbul edilib aidiyyəti təşkilatların bank hesablarına köçürmüşdür.
27 saylı Yol İstismar İdarəsi 58 km respublika əhəmiyyətli, 134 km yerli əhəmiyyətli avtomobil yollarına  və 23 ədəd körpülərə xidmət edir. İdarə tərəfindən 2012-ci illə müqayisədə 650 kv.m artıq saxlanma işləri görülmüşdür.
2013-cü ildə Nazirlər Kabinetinin bölgüsünə əsasən müasir tələblərə cavab verən 100 ədəd diyərcəklər üzərində olan tutumlar kombinata gətirilmişdir. Göstərilən diqqət və qayğının nəticəsi olaraq KMK öz işlərini daha da yaxşılaşdırmalı və təmizlik işlərini gücləndirməlidir.
Ötən il əhalinin elektrik enerjisi, qaz, içməli su və kanalizasiya ilə təminatının yaxşılaşdırılması sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Elektrik Şəbəkəsi tərəfindən 2013-cü il ərzində cəmi pul yığımı 4.366.900 manat yerinə yetirilmişdir. Ümumi  yığım 97,9 faiz, o cümlədən yerli əhali üzrə 98,7  faiz olmuşdur.  2012 və 2013-cü illərin göstəricilərini müqayisə edərkən cəmi pul yığımında 82.900 manat, o cümlədən yerli əhali sektorunda 23.000 manat artım olmuşdur.
2013-cü il ərzində Qazax rayon Qaz İstismar Sahəsi tərəfindən əhali abonentlərə satılmış qazın yığım faizi 107,6 faiz olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artıqdır.
2013-cü ildə rayonun Daş Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı və Kosalar kəndləri təbii qazla təmin olunmuş və bununla da rayon üzrə qazlaşma 100 faiz başa çatdırılmışdır.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2013-cü il ərzində 5.442 abonentə xidmət göstərilmiş və 420.366 manat vəsait toplanmışdır. Bu da keçən illə müqyisədə 1,4 faiz çoxdur. Su Quyularının İstismarı İdarəsinin Qazax İstismar sahəsi tərəfindən 12 ədəd quyu əsaslı, 75 ədəd quyu isə cari təmir edilərək əhalinin istifadəsinə verilmişdir.
Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə  torpaqayırma və layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 ümumi orta, 7 ibtidai məktəbdə 11.293 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.808 nəfər müəllim məşğul olmuşdur. 2013-cü ildə 950 nəfər  XI sinif məzunlarından 291 nəfəri, əvvəlki illərin məzunlarından isə 51 nəfəri - cəmi 342 nəfər ali məktəblərə, 110 nəfər orta ixtisas məktəblərinə,  21 nəfəri respublikanın Ali Hərbi Akademiyasına və 9 nəfər isə Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur.
2012-ci ilin dekabr ayında Nazirlər Kabinetinin 374s saylı sərəncamı ilə yeni xəstəxana binasının tikintisinə rəy verilmiş, 2013-cü ilin iyun ayından etibarən yeni xəstəxana binasının tikintisinə başlanılmışdır.
Hesabat ilində sərhəddə yerləşən Cəfərli, Bala Cəfərli və Quşçu Ayrım kəndlərində müasir tələblərə cavab verən tibb məntəqələri tikiib istifadəyə verilmişdir. Fərəhli, Məzəm, Aşağı Salahlı, Abbasbəyli kəndlərində yeni tibb məntəqələrinin tikinsisi nəzərdə tutulmuşdur. Ruhi xəstəxana əsaslı təmir edilmiş, bərk və yuşmaq invertarlarla təmin  edilmiş,  yeni tipli qazanxana və istilik sistemi quraşdırılmışdır.
Şəhər Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində rentgenoloji və filoqrafiya müayinələrin nəticəsində 235 şəkərli diabet, 75 vərəmli, 87 onkoloji xəstə aşkar edilərək qeydiyyata götürülmüşdür. Dispanser müşahidədə olan 2111 şəkərli diabet, 291 vərəmli, 532 onkoloji xəstə müntəzəm olaraq dərman pereparatları ilə təmin edilir.  Mərkəzi xəstəxanada il ərzində 754 cərrahi əməliyyat aparılmışdır.
Qazax Müalicə Diaqnostika Mərkəzinə hesabat ilində ambulator gəlişlərin sayı 43.317 nəfər, dövrü müayinələrin sayı 127.482 nəfər olmuş, 1.004 cərrahiyyə əməliyyatları aparılmış, hazırda 83 xəstə hemodiz şöbəsində müalicə alır.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 2013-cü ildə 32 mədəni-kütləvi tədbir  keçirilmişdir.
Heydər Əliyev mərkəzində aparılan təmir işlərindən sonra mərkəzin fəaliyyəti daha da genişlənmiş, yeni dərnəklər və kursların yaradılması, gənc nəslin vətənpərvərlik  ruhunda tərbiyə olunmasına müsbət təsir göstərmişdir. Mərkəzdə əhalinin bütün təbəqələri üçün ödənişsiz kompüter, “Heydər Əliyev Məktəbi”, “Astronomiya dərsləri” və s. kurslar təşkil edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları,
Qazax rayon Gənclər və İdman idarəsi tərəfindən Azərbaycan Respublikasının “Dövlət Gənclər siyasəti haqqında” Qanununun və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ”Dövlət Proqramının icrası ilə əlaqədar 2013-cü ildə gənclərlə müxtəlif sahələr üzrə 59 tədbir keçirilmiş, burada 5825 nəfər yeniyetmə və gənc iştirak etmişdir. 2013-cü il ərzində beynəlxalq yarışlarda idmançılarımız 15, Respublika yarışlarında isə 49 dəfə mükafata layiq yerlər tutmuşlar.
2013-cü ildə gənclərin ordu sıralarında həqiqi hərbi xidmətə çağırışı və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. 2013-cü il ərzində hərbi hissələrə təyin edilmiş çağırışçıların təyin olunduqları vaxtında göndərilməsi təmin edilmişdir.
2013-cü ildə yerli İcra Hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Qazax rayonu ərazisində 2013-cü ildə 123 cinayət hadisəsi baş vermişdir. Qeydə alınmış cinayətlərin 94,3 faizinin açılması təmin olunmuşdur.  2013-cü ildə istintaq və məhkəmə orqanlarından yayınan 29 nəfər şəxsdən axtarışda olmuş, keçirilmiş tədbirlər nəticəsində 23-ü tutularaq aidiyyəti orqanlara təhvil verilmişdir.
Şəhərin və rayonun kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində bələdiyyələrin və yerli İcra Hakimiyyəti orqanlarının Əlaqələndirmə Şurasının fəaliyyətində müsbət dönüş yaradılmışdır. Bələdiyyə torpaqlarından və onların mülkiyyətində olan əmlaklardan qanunvericiliyə uyğun olaraq istifadə olunmasına müntəzəm nəzarət olunmuşdur.
  Az.RDT və XK-nin Qazax rayon şöbəsi tərəfindən torpaqların mühafizəsi və səmərəli istifadə edilməsi sahəsində tədbirlərin görülməsi davam etdirilmişdir. Belə ki, 2013-cü il ərzində 35 yoxlama keçirilmiş, bu zaman 25 torpaq pozuntusu faktı aşkar edilərək aradan qaldırılmışdır.  Hesabat ili ərzində rayon torpaq hərracı və müsabiqəsi komissiyası tərəfindən 13 torpaq müsabiqəsi keçirilmiş, bələdiyyələrin alqı-satqı predmeti olan 1.870 kv.m torpaq sahəsi  mülkiyyətə, 720.200 kv.m torpaq sahəsi icarəyə verilmişdir.
2013-cü ildə RİH-nə 985 ərizə və şikayət daxil olmuşdur. Daxil olmuş müraciətlərdən 330-u Prezidentin Administrasiyasına, 21-i Milli Məclisə, 27-i Nazirlər Kabinetinə,78-i respublikanın digər təşkilatlarına, 529-u isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanmışdır.   Onlardan 46,3 faizi mərkəzi orqanlardan, 53,7 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur.
Bildiyiniz kimi, fevralın 5-də Bakı şəhəri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransda möhtərəm prezidentimiz İlham Əliyev cənabları söyləmişdir ki, Dövlət Proqramının icrası nəticəsində maddi imkanlarımız artmış və maliyyə vəziyyətimiz yaxşılaşmışdır. Dövlətin üzərinə düşən bütün vəzifələrin icra edildiyini vurğulayan dövlət başçısı məmurlara da xəbərdarlıq etmişdir: “Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir”. Konfransda dövlət başçısı tərəfindən çox ciddi fikirlər səslənmiş və tapşırıqlar verilmişdir. Eyni zamanda, yerlərdə sahibkarlığın inkişafı və bu inkişafa əngəl ola biləcək maneələrin aradan qaldırılması məsələsinə də toxunulmuşdur.
Dövlət başçısının çıxışında ölkədəki həm ictimai vəziyyət, həm iqtisadi, həm də beynəlxalq vəziyyət çox geniş şəkildə təhlil etmiş və istiqamətlər müəyyənləşdirilmişdir.
Biz hamımız ölkə başçısının çox ciddi tənqidi fikirlərindən nəticə çıxarmalıyıq. İnsanlara münasibətləri önə çəkməliyik, onların müraciət və təkliflərinə, problemlərinə diqqət və qayğı ilə yanaşmalıyıq, korrupsiyaya qarşı mübarizəni daha da gücləndirməliyik.
Hörmətli yığıncaq iştirakçıları,
Bildiyiniz kimi, 09 oktyabr 2013-cü il tarixdə ölkəmizdə Prezident seçkiləri keçirilmişdir. Bütün seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına uyğun olaraq həyata keçirilmişdir. Seçkilərdə ayrı-ayrı siyasi partiyaları və QHT-ləri təmsil edən 494 nəfər yerli müşahidəçi, bundan əlavə ATƏT-in 2 nəfər uzunmüddətli və 2 nəfər qısamüddətli müşahidəçisi səsvermə prosesini müşahidə etmişlər. 10 seçki məntəqəsində VEB kamera, eyni zamanda 16 seçki məntəqəsində pandus keçidləri quraşdırılmışdır. Səsvermənin hazırlanması və keçirilməsi prosesi yüksək səviyyədə təşkil olunmuş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Rayonda olan 50 seçki məntəqəsində 59.274 seçicidən 40.842 nəfər (69 %)  iştirak etmiş və onların 33.172 nəfəri, yəni 82 faizi ölkə Prezidenti cənab İlham Əliyevə səs vermişdir.  Hazırda bələdiyyə seçkilərinə hazırlıq işləri aparılır. Biz əminik ki, bu seçkilər də yüksək səviyyədə və şəffaf keçiriləcəkdir.
2013-cü ildə təsdiq edilmiş qrafik üzrə rayon İcra Hakimiyyəti başçısının qəbulunda 618 nəfər, səyyar görüşlər zamanı keçirilən qəbullarda  30.639 nəfər rayon sakini iştirak etmişdir. Qəbullar rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi vahidləri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə təşkil olunmuşdur. Səyyar qəbullar zamanı 559 nəfər müraciət etmiş, 355 təklif irəli sürülmüş və onlardan 165-i öz həllini tapmış, 189 nəfərin müraciəti əsasında aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış,  3 nəfərin müraciəti əsasında isə hazırda müvafiq işlər aparılır.
2014-cü ilin yanvar ayından başlayaraq rayon İcra Hakimiyyəti Başçısının ərazi nümayəndəliklərində hesabat seçki yığıncaqları keçirilmişdir. Hesabatlar şəhər və kənd sakinlərinin yüksək fəallığı ilə keçirilmiş, yığıncaqlarda söylənilmiş təkliflər ümumiləşdirilərək rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə təqdim olunmuşdur. Təkliflər əsasən yeni uşaq bağçaları və körpələr evinin, həkim məntəqələrinin tikilməsi, kəndarası yolların təmir edilməsi, içməli və suvarma suyu ilə təmin olunmaları, Kür çayı sahili boyunca sahilbərkitmə işlərinin davam etdirilməsi, məcburi köçkünlərin və imtiyazlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binalarının tikilməsi və kəndlərdə yeni artezian quyularının qazılmasına dair olmuşdur.
Hesabat  ilində rayon İcra Hakimiyyəti Başçısı aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində dövlət idarəçiliyinin müasir stil və metodlarından istifadə olunmuş, görülmüş işlər  Azərbaycan   Respublikası   Prezidentinin   2012-ci  il   6  iyun   tarixli, 648  nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və “Dövlət Qulluğu Haqqında” Qanunun tələblərinə uyğun olmuşdur. 
2014-cü ildə də qarşımızda çox mühüm vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin etmək istəyirik ki,  qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvəmizi səfərbər edərək daha uğurlu nəticələr əldə edəcəyik və Dövlət Başçısının Qazax rayonuna göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik.

Keçidlər