Xocalı soyqırımı anılmışdır
Qazax rayonunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Mərasimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev açmış, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bildirilmişdir ki, erməni daşnaqları 200 il bundan əvvəl torpaqlarımıza qarşı ərazi iddiası qaldırmış və zaman keçdikcə rus imperiyasının köməyi ilə həmin iddianı gerçəkləşdirmişlər. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ermənilərin qenosid və cinayətkar siyasəti nəticəsində baş vermişdir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, ermənilərin bütün insanlığa, bəşəriyyətə qarşı törətdiyi ən ağır cinayətlərdən biridir.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımında həmin vaxt Xocalı şəhərində 2500 nəfər əhalidən 613 nəfəri qətlə yetirilmişdir. Həlak olanların 70 nəfəri qoca, 63 nəfəri uşaq, 106 nəfəri qadın olmuşdur. Bundan başqa 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Əsir götürülən və itkin düşənlərin taleyi indi də məlum deyildir.
Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırımına yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idir. Lakin o vaxtki hakimiyyət tərəfindən bunların heç biri edilmədi,, hadisənin əsl mahiyyəti xalqdan gizlədildi. Lakin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına və dünya ictimaiyyətinə hadisə barədə məlumat verildi. Bu qəddar cinayətin ilk hüquqi-siyasi qiymətini də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev verdi. Onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı geniş müzakirə edilmiş, bu hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərarla fevral ayının 26-sı “Xocalı soyqırımı günü” elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Xocalı soyqırımı ilə bağlı demişdir: “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, azərbaycan xalqının və ümumən ünsanlığın əleyhiyə yönlənmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərinin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınmışdır.
Sonda çıxışlar olmuş və faciə qurbanlarının xatirəsinə dualar oxunmuşdur.