Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Aslanbəyli kəndində sakinlərlə görüş keçirib

01 mart 2018 | 16:00

Daima xalqın arasında olmağı, sakinləri narahat edən məsələləri onların öz dilindən eşitməyi özünün fəaliyyət proqramına çevirən Rayon İcra Hakinmiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq kəndlərdə olur, sakinlərlə səyyar-görüşlər keçirir. İcra başçısı növbəti görüşünü Aslanbəyli kənd sakinləri ilə keçirib.
Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlərdən, kənd təsərrüfatı sahəsində görülən işlərdən danışılıb, qarşıda duran vəzifələrdən söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov görüşdə çıxış edərək Aslanbəyli kəndində ötən il 7 dəfə görüş keçirdiyini qeyd edib. Bildirib ki, 2018-ci ildə artıq sizinlə ikinci görüşümüzdür, mövcud vəziyyətlə yerində tanış olmaq, qaldırdığınız məsələləri sizin öz dilinizdən eşitmək üçün bu gün sizinlə görüşə gəlmişik.
Sonra İcra başçısı rayon mərkəzində, eləcə də kəndlərdə görülmüş və həyata keçirilməkdə olan işlərdən danışıb. Qeyd edib ki, respublikamızın bütün bölgələrinə olduğu kimi, Qazax rayonuna da dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Ölkə başçısı İlham Əliyev cənablarının imzaladığı sərəncamlara uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları bu gün Qazax rayonunda uğurla icra olunur. Rayonun hər yerində tikinti-abadlıq işləri aparılır, kənd təsərrüfatı sürətlə inkişaf edir.
Cənab Rəcəb Babaşov qeyd edib ki, ötən il rayonun Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərində, eləcə də şəhərin özündə uşaq bağçaları tikilib və əsaslı şəkildə təmir olunub. Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni yollar çəkilib, Cəfərli yolu qurtarmaq üzrədir. İkinci Şıxlı kəndinə də bu günlərdə asfalt yol çəkilişinə başlanılacaqdır.
Yeni xalça müəssisəsi tikilib. “Mətanət A” şirkəti tərəfindən inşa edilən Əhəng zavodunun tikintisi başa çatdırılıb. Qazaxda fəaliyyətə başlayan “İnvestel GROUP” MMC rayonumuzda kənd təsərrüfatının inkişafına və əhalinin işlə təminatına böyük töhfələr verəcəkdir. Tikintisi aparılan Elektrod Zavodunda, eləcə də 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında işlər sürətlə davam edir.
Ötən il  “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında rayonumuzda keçirilən hərbi vətənpərvərlik tədbiri ordu ilə xalqın birliyini nümayiş etdirib. Şəhidlər Xiyabanı yaradılıb.
Kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan söz açan İcra başçısı bu il Qazax rayonunun tarixində ilk dəfə olaraq 20 min hektar sahədə əkin aparıldığını qeyd edib. Rayonumuzda 261 km uzunluğunda arx və daxili kanalların təmizlənməsindən söz açaraq bunun 10,9 km-nin Aslanbəyli kəndinin ərazisində olduğunu qeyd edib. Bildirib ki, kəndin ərazisindən keçən arx və kanalın 6,3 km-i əllə, 4,6 km-i isə texnika ilə təmizlənmiş, suvarmaya hazır vəziyyətə gətirilmişdir.
Sonra cənab Rəcəb Babaşov: “Mən sizi dinləməyə gəlmişəm. Kənddə olan və sizi narahat edən məsələləri bidirin” - deyə sakinlərə müraciət edib.
Kənd sakinlərindən Mahir Musayev, Almaz Eyyubova çıxış edərək Qazaxda, eləcə də Aslanbəyli kəndində görülən işlərə və onlara göstərdiyi diqqət və qayğıya görə bütün kənd sakinləri adından Prezident İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlarda sakinlər “Görülən işlər göz qabağındadır” - deyərək rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun ünvanına təşəkkür dolu ürək sözləri söyləyiblər.
Sakinlərdən Vilayət İbrahimov, Şakir Məmmədov, Əhməd Məmmədov, Məzahir Yaqubov isə kənddəki bir sıra məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər. İcra başçısı onları diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verib.
Kənd sakinlərindən Elşad Məmmədovun, Vüsalə Süleymanovanın, Elnur Zeynalovun işlə təmin olunmaq, Vəfa Həsənova və Dilşad Nəsibovanın isə şəxsi məsələlərlə bağlı müraciətlərinə də müvafiq cavablar verilib.
Kənd tam orta məktəbin direktoru Dilqəm Məmmədov onlarla mütəmadi olaraq görüşə gəldiyinə və kənd sakinlərinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə bütün kənd sakinləri adından öz dərin minnətdarlığını bildirib.

Keçidlər