E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbin şagirdləri Qazax Tarix-Diyarşünaslıq Muzeyində və Qazax Dövlət Rəsm Qalereyasında olmuşlar
2016-cı ildə Prezident İlham Əliyev cənablarının xeyir-duası ilə istifadəyə verilmiş Qazax Tarix-Diyarşünaslıq Muzeyi rayon məktəblilərinin ən sevimli məkanına çevrilib. Hər gün bir neçə məktəb muzeyin qonağı olur. Sonra isə məktəblilər Qazax Dövlət Rəsm Qalereyasına baş çəkirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən fevral ayının 14-dən ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər bu mədəniyyət ocaqlarına gəlir, öz biliklərini və dünyagörüşlərini daha da artırırlar. Əvvəlcədən hazırlanmış qrafikə əsasən məktəblilər rayonumuzun tarixini, dünənini, bu gününü dərindən öyrənmək üçün muzeyə ekskursiya edir, Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işlərini görmək üçün qalereyanın qonağı olurlar.
Bu gün E.Cəfərov adına Çaylı kənd 2 saylı tam orta məktəbdən 195 şagird və onların müəllimləri ekskursiyalarda iştirak etmişlər.
Şagirdlərdən Bənövşə Süleymanova, Lütfiyyə Dönməzova, Səma Carçılı da muzeylə tanışlıq haqqında öz təəssüratlarını bölüşüblər: İlk olaraq diqqətimizi çəkən guşə 1-ci mərtəbədə yerləşən Qazax rayonunun tarixini, dünənini və bu gününü əks etdirən lövhə oldu. Bundan əlavə, rayonun 34 kəndini özündə birləşdirən xəritəni böyük maraqla izlədik və bələdçilərin verdikləri məlumatlar sayəsində xeyli bilik əldə etdik. Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan ətraflı məlumat böyük marağımıza səbəb oldu. Biz Qazaxın tarixini öyrəndikcə bir daha qürur hissi keçirtdik ki, bizim zəngin olan rayonumuz var.
Şagirdlərdən Cavanşir Nəbiyev, Nüsrət Hüseynov, Aysun İsmayılova və Elvina Qocayeva isə rəsm qalereyasında olan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında əldə etdikləri məlumatlardan danışıb, öz ürək sözlərini bildiriblər. Qeyd ediblər ki, qalereyada olan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə tanışlıq bizlərdə xoş təəssürat oyatdı.