Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda Novruz şənliyi keçirilmişdir

20 mart 2014 | 16:00

Novruz yazın və yeni ilin gəlişini simvolizə edən qədim xalq bayramıdır. 2009-cu ilin sentyabr ayının 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahasına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT  Baş Assambleyasının 64-cü sessiyasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruz hazırda Asiya qitəsində, şərqdə və eləcə də dünyanın bir sıra ölkələrində bayram kimi qeyd edilir. Martın 21-i İran və Əfqanıstanda isə rəsmi təqvimin ilik günü sayılır. Bu bayramda səməni yetişdirmək, papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, küsülüləri barışdırmaq, yallı getmək, Novruz oyunları oynamaq, süfrəyə “S” hərfi ilə başlayan yeddi növ ərzaq qoymaq və sairə kimi adətlər yerinə yetirilir.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin oyanmasının, əkinçiliyin rəmzidir. Bütün bunlar İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Lakin çox təəsüf ki, Sovet hakimiyyəti dövründə dinlə heç bir əlaqəsi olmayan, yalnız canlı təbiətin oyanması ilə bağlı olan belə gözəl bayrama qadağalar qoyulmuş, onun bayram kimi qeyd olunması yasaq edilmişdir. Buna baxmayaraq xalqımız bu bayramı yaşatmışdır. Ulu Öndər Heydər Əliyev bu bayramın yaşaması üçün böyük xidmətlər göstərmişdir. Azərbaycan müstəqil olduqdan sonra Novruzun xalqımız tərəfindən ən ulu, ən əziz bayram kimi qeyd olunması üçün bütün imkanlar yaranmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hər il xalqımızı  bayram münasibətilə təbrik etməsi, Novruz şənliklərində ailəsi ilə birlikdə özünün iştirakı bayramın əhəmiyyətini və xalqımızın bayram əhval-ruhiyyəsini daha da artırmışdır. 
Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülmüş, rayon bayram sayağı, Novruz atributları ilə bəzədilmişdir. 
Bayram şənliyi Rayon Mədəniyyət Mərkəzinin qarşısında başlamışdır. Tədbiri rayon İcra hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açmış və xalqımızı bayram münasibətilə təbrik etmişdir.  Bayramın əhəmiyyəti, son on ildə ölkəmizin keçdiyi böyük inkişaf yolu, son illər rayonda aparılmış tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat vermişdir. Sonra bayram şənliyi başlamışdır. Kosa və Keçəlin, Bahar qızının söylədikləri məzəli əhvalatlar, göstərdikləri tamaşalar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon əhalisinin və tamaşaçıların sevincinə səbəb olmuş, onların bayram əhval-ruhiyyəsini daha artırmışdır. Bayram şənlikləri günün sonunadək davam etmişdir.
Novruz bayramı ilə əlaqədar rayonda yaşayan 300-dən çox imtiyazlı və aztəminatlı ailələrə bayram sovqatı, hərbi hissənin əsgərlərinə isə Novruz xonçası verilmişdir.
      
İnformasiya təminatı və təhlil sektoru

Keçidlər