Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir

01 aprel 2014 | 15:00

Rayonda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilmişdir. Toplantıda RİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının  nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, KİV və QHT təmsilçiləri iştirak etmişdir. Əvvəlcə, Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev açmışdır. RİHB-nın müavini Gülayə Həsənova məruzə etmişdir. Rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, məcburi köçkün Allahverən Poladov və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, onların  hüquq və azadlıqları vəhşicəsinə kütləvi sürətdə pozulmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycalıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq tarixi azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.
Ermənistanın 1988-ci ildə başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabaq bölgəsi, eləcə də ona bitişik yeddi rayonu işğal edilmiş, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt olunmuş, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti  1918 -1920-ci illərdə xüsusən geniş yayılmışdır. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla,  vəhşicəsinə qətlə yetirmişlər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilmişdir. Həmin il martın 30-da erməni –bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini amansızlıqla məhv etmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış binaları, məscidlər və məktəblər yandırılmışdır. Lakin təəssüflər olsun ki, bütün bu hadisələrə uzun müddət ölkəmizdə və dünyada hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi olaraq bildirilmişdir.
Artıq 16 ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə səy göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyev  ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağımızı dəfələrlə bəyan etmişdir.
Daha sonra bildirilmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək, azərbaycanlı qaçqın və məcburi köçkün ailələri  öz doğma yurdlarına qayıdacaqlar.

Keçidlər