Bölgələrimizdə təntənəli Novruz bayramı: Qazax
Novruz bayramı münasibətilə Qazaxda ümumrayon şənliyi keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb. Tədbir iştirakçıları adət-ənənələrimizə uyğun olaraq hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənəti nümunələrinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər. Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədiyi şeirlər, məzəli əhvəlatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından Novruz bayramı münasibətilə xalqımızı, bütün rayon sakinlərini səmimi qəlbdən təbrik edib. Bakıdan rayona dəvət olunmuş müğənnilər növbə ilə səhnədə yer alıblar. Respublikanın Xalq artistlərindən Bilal Əliyev və Sabir Əliyevin oxuduğu bahar duyğulu mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonra səhnəyə qazaxlı aşıqlardan Camoy Qurbanov, Yaşar Gülümcanov və Qoca Ərəbov çıxaraq qədim el havalarını ifa ediblər. Əməkdar artistlərdən İlkin Əhmədov və Elza Seyidcahanın oxuduqları bir-birindən şən, şux mahnılar şənlik iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Vəli VƏLİYEV,
“Respublika”
24.03.2018-ci il