Əhalinin tibbi müayinəsi Şura iclasında müzakirə olunmuşdur
Qazax rayonu İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və aksiyanı başa çatdırmaqla bağlı vəzifələr müzakirə olunmuşdur.
Şura iclasını giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov qeyd etmişdir ki, ölkə prezidenti İlham Əliyev cənablarının imzaladığı dövlət proqramlarına, sərəncam və taşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibb avadanlıqları ilə təmin olunması işi ölkəmizdə uğurla davam edir. Azərbaycanın qərb qapısı olan Qazax rayonunda da səhiyyə quruculuğu sürətlə həyata keçirilir.
Müzakirədə bildirilmişdir ki, əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan dövlət başçısının tapşırığına əsasən fevralın 17-dən mayın 1-nədək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi kampaniyası Qazax rayonunda da mütəşəkkil davam edir. Bununla əlaqədar rayon İcra Hakimiyyəti Başçısının 10 fevral 2014-cü il tarixli, 2/10 saylı Sərəncamına əsasən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Rayonda aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işlər davam etdirilir, görülmüş işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinənin yüksək səviyyədə həyata keçirilməsi üçün rayon ərazisindəki tibb müəssisələrində bütün lazımi şərait yaradılmışdır. Bütün yaşayış məntəqələrində əhalinin və həmçinin evlərdə olan yataq xəstələrinin də müayinəsi məqsədilə səyyar həkim briqadaları təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova bildirmişdir ki, fevralın 17-dən etibarən rayon üzrə 35902 nəfər rayon sakini hərtərəfli müayinə edilmişdir. Onlardan 2112 nəfərinə ambulator, 74 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuş, 19 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Müayinədən keçən insanlarda ən çox ürəyin işemiyası, hipertoniya, şəkərli diabet xəstəlikləri aşkar edilmişdir.
Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir rayon əhalisinin ürəyincədir.
Sonda çıxışlar olmuş və bu mühüm tədbirin uğurla davam etdirlməsi və başa çatdırılması, əlavə tədbirlərin həyata keçirilməsi üçün bir sıra təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.