Qazax rayonunda “Faşizm üzərində Qələbə günü” mövzusunda dəyirmi masa keçirilmişdir
Qazax Rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə “Faşizm üzərində Qələbə günü” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev açmış və Azərbaycan xalqının Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında göstərdikləri döyüş və əmək rəşadətlərindən, ölkəmizdə müharibə veteranlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır.
Komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Sədaqət Qasımova mövzu ətrafında məruzə etmişdir.
MIMHİ-nin Qazax rayon təşkilatının sədri İsgəndər Qurbanov, MKS –nin direktoru Solmaz Babanlı, Qazax şəhər 2 saylı musiqi məktəbinin direktoru Ramil Qurbanov, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Sadıqova və kitabxanaçı Rufina Namazova çıxışlarında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti haqqında danışmışlar.
Böyük Vətən Müharibəsi veteranlarından Rayon Ağsaqqallar Şurasının sədri Xanqulu Süleymanov, Nəbi Nəbiyev və başqaları keçdikləri döyüş yollarından geniş söhbət açmışlar. Qələbə günü münasibətilə veteranlara qiymətli hədiyyələr verilmiş və onlarla xatirə şəkilləri çəkilmişdir.
Tədbir “Yazılsın tarixə bir qızıl xətlə, 45-ci ilin 9 May günü” başlıqda sərgiyə baxışla sona çatmışdır.