Dünya azərbaycanlilarinin həmrəylik günü və yeni il münasibətilə rayonumuzda bayram şənliyi keçirilmişdir
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. Həmin gün öncədən rayon mədəniyyət sarayının qarşısında qurulmuş yolkanın ətrafına yüzlərlə rayon sakini toplaşmışdı. Rayon sakinləri bayram münasibətilə bir-birini təbrik edir, ən xoş arzularını bildirirdilər. Bədii özfəaliyyət Ansambllarının ifa etdiyi musiqilər bayrama daha bir bayram əhval-ruhiyyəsi qatırdı.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bayram şənliyində çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bütün rayon sakinlərini səmimi qəlbdən təbrik etdi və onlara ən xoş arzularını bildirdi. Yola saldığımız 2011-ci ildə görülən tikinti-quruculuq işlərindən, aparılan abadlıq tədbirlərindən ətraflı söz açaraq ötən ilin uğurlu il olduğunu qeyd etdi. Bildirdi ki, yeni ildə rayonumuzda müxtəlif sahələrdə geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçiriləcəkdir.
Sonra aparıcılar Şaxta baba ilə Qar qızı şənliyə dəvət etdilər. Musiqi sədaları altında şənliyə qatılan Şaxta baba ilə Qar qız uşaqlarla rəqs edərək onları sevindirdilər. Şeir söyləyən, mahnı oxuyan, yaxşı rəqs edən uşaqlara hədiyyələr payladılar.
Həmişə olduğu kimi bu il də rayonumuzda yaşayan mkansız şəhid və məcburi köçkün ailələri də nəzərdən yayınmadı, onlara diqqət və qayğı göstərildi, yeni il hədiyyələri verildi. Bu dəfə də bayram ərəfəsində rayon İcra Aparatı adından rayonumuzdakı bu qəbildən olan 300 ailəyə ərzaq məhsullarından, meyvə və şirniyyatlardan ibarət yeni il sovqatları paylanıldı. Həmçinin körpə fidanlar da yaddan çıxarılmadı. Belə ki, orta məktəblərin ibtidai sinfində təhsil alan və bağçalara gedən uşaqlara yeni il hədiyyəsi verildi. Ümumilikdə 3000 nəfər uşağa bu bayram hədiyyələri paylandı.