Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda ilin birinci rübü müzakirə olunub

03 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov məruzə ilə çıxış etmişdir.Rayon rəhbəri bildirib ki, 2018-ci ilin birinci rübü  Qazax rayonu üçün uğurlu olmuşdur.
Rayonda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2018-ci ilin birinci rübündə də davam etdirilmişdir.
Qazax şəhərində küçələrə  570  p/m uzunluğunda yeni bardür düzülmüş, 7887  kv.m əraziyə asfalt-beton, çınqıl örtüyü çəkilmişdir,  bu istiqamətdə işlər davam edir. Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinə uzunluğu 7 km olan strateji əhəmiyyətli avtomobil yolunun tikintisi  işləri davam etdirilir. Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən ikinci yolun çəkilişi işləri davam edir. Şəhərdaxili yollarda 21 km,  kənd  yaşayış məntəqələrində isə 35 km  uzunluğunda  kənddaxili yollara qum-çınqıl döşənmişdir. 
Qazax rayonunun Daş Salahlı və Xanlıqlar kəndlərində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Həmçinin Xanlıqlar kəndində illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi sürətlə davam edir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. Qazax şəhəri. Kosalar və Çaylı kəndlərində Sip kabelin çəkilməsi üçün 95 ədəd metal dayaq, 12 ədəd beton dayaq quraşdırılmışdır. Qazax rayonun bütün yaşayış məntəqələri qazla təmin olunmuşdur.
2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə sahələrində  də göstəricilər  əsasən ürəkaçan olmuşdur. 2018-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 374  nəfər şagird iştirak etmişdir. Rüb ərzində ümumtəhsil məktəblərində orta aylıq davamiyyət 94,6 faiz olmuşdur. Şəhər 3 saylı uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. Köhnə Mərkəzi Rayon Xəstəxanasının yerində  yeni 145 çarpaylıq  Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  29 mart 2018-ci il tarixdə  Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə 2018-ci il dövlət büdcəsindən  14,6 milyon manatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən  2018-ci ilin 3 ayı ərzində  rayonda müxtəlif kütləvi  tədbirlər keçirilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rayonda 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş və 4 subartezian quyusunun qazıntısına başlanılmışdır.
Rübün sonuna 12622,2 hektar taxıl səpilmişdir ki, bunun 270,5 hektarı 2018-ci ilin birinci rübündə  aparılmışdır. Birinci rübündə 105 hektar kartof, 221 hektar yonca, 32 hektar vələmir, 44 hektar noxud, 30,6 hektar tərəvəz, 24 hektar süpürgə səpilmişdir. Tütün əkini ilə bağlı 1000 kv.m ştilliklər hazırlanaraq toxum səpilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Elekrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-kanal İdarəsinin rəisi Alı Hüseynov, “Birinci Şıxlı kəndli fermer təsərrüfatı” MMC-nin direktor müavini Səfurə Vəliyeva çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.


Vəli VƏLİYEV,
“Respublika”
03.05.2018-ci il

Keçidlər