Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir
Ölkə Prezidenti İlham Əliyev cənablarının dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı Sərəncama uyğun olaraq 2017/2018-ci tədris ilinin əvvəlindən başlayaraq rayonun təhsil müəssisələrində müxtəlif mövzularda maarifləndirici silsilə tədbirlər davam edir. Novbəti belə bir tədbir rayonun Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində keçirilmişdir.
RİHB- nin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iş planına uyğun olaraq “Vətənə sevgi imandandır” və “Aprel Zəfəri” mövzularında Daş Salahlı kənd 1 və 2 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin iştirak etdiyi tədbiri Qazax RİHB aparatında iştimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmışdır. M. Orucov qeyd etmişdir ki, dini radikalizm İslam dininin təbliğ etdiyi dəyərlərin tamamilə ziddinədir. Radikal müxalifətin insanları, xüsusilə gəncləri və yeniyetmələri hədəf seçmələri məqsədyönlü bir işdir. Nəinki dövlət orqanları və din xadimlərinin, o cümlədən cəmiyyətin hər bir üzvünün dini radikalizmə qarşı mübarizə aparması vacib bir məsələdir. Vətən hamınındır, hamının ürəyində bir vətən sevgisi vardır. Vətənə sevgi imandandır ona görə də vətənin bütün təhlükələrdən qorunması hamının işidir.
M.Orucov Aprel döyüşləri və şəhidlərimiz haqqında danışarkən bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin,o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin, polkovnik-leytenant Raquf Orucovun Qazax torpağının övladları olan kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin keçdikləri qəhrəmanlıqlarla dolu şərəfli həyat yolu vətənin bütün oğulları üçün bir nümunədir.Onlar göstərdilər ki, lazım gələndə oğullar Vətən, onun torpaqlarının düşməndən qorunması üçün nə iş görməlidirlər. Onlar Vətən qarşısında öz borclarını necə yerinə yetirməlidirlər.
Bütün bunlara görə də onların keçdikləri döyüş yollarını, göstərdikləri qəhrəmanlıqları bütün gənclər və yeniyetmələr bilməlidirlər.
Bu gün İlham Əliyev cənablarının Ali Baş Komandan olduğu Milli Ordumuz, Aprel Zəfəri və şəhidlərimiz bizim güvənc yerimiz və qürur mənbəyimizdir.Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın, Aprel şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın hər yerində onların xatirəsi əziz tutulur, xatirələri, adları əbədiləşdirilir, onların ailələrinə hər cür diqqət və qayğı göstərilir. Onlar Dövlət Başçısı tərəfindən vətənin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olunurlar.
Qazax rayonunda da hər il Aprel şəhidlərinin doğum və dünyasını dəyişdiyi günlər hörmətlə yad edilir, yas mərasimləri keçirilir. Onların hər birinin xatirəsinə Qazax şəhərinin mərkəzində xatirə bulaq kompleksləri tikilmişdir. Bu il kapitan Mühüd Orucovun xatirəsinə dünyasını dəyişdiyi gün ərəfəsində doğulduğu Fərəhli kəndinin giriş hissəsində, təmiz, saf dağ suyunun üzərində yeni bir bulaq konpleksi tikilmiş və ətrafında abadlıq işləri aparılmışdır. Həmçinin həmin ərəfədə Qazax RİH Başçısının təşəbbüsü və yazdığı ön söz ilə “Aprel döyüşləri”kitabı nəşr olunmuşdur. Bu kitabın nəşri bütün rayon sakinlərinin, əsgər və zabitlərin, gənclərin və bütün şəhid ailələrinin marağına səbəb olmuş və onlarda vətən torpağına olan məhəbbət hissini daha da artırmışdır. Onlar bu kitaba görə İcra Hakimiyyətinin Başçısı Cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra çıxışlar olmuşdur. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Cümə məscidinin imamı Zaur Budaqov Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ulduz Mancanov və başqaları çıxış etmişlər.
Axırda hər iki məktəbə “Aprel döyüşləri” kitabı hədiyyə edilmiş və “Şəhadət” filmi nümayiş olunmuşdur.