Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün bir qrup rayon sakini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib.
Xanlıqlar kəndində keçirilən bugünki səyyar görüş zamanı kənd sakini Həsənov Həsən Tofiq oğlu rayon rəhbərindən onu fərdi şəkildə qəbul etməyi xahiş eləmişdi. Bununla əlaqədar fərdi qəbulda olan vətəndaş İcra Başçısına ona məxsus olan torpaq sahəsinin başqa adamlar tərəfindən zəbt olunması ilə bağlı müraciət edib. H.Həsənovu diqqətlə dinlədikdən sonra rayon rəhbəri məsələyə yerində baxılaraq aydınlıq gətiriləcəyini bildirib.
Daş Salahlı kənd sakini, təqaüdçü Göyüşov Qəzənfər Yusif oğlu ona torpaq sahəsinin verilməsi ilə bağlı müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra kəndə gəlib vəziyyətlə yerində tanış olacağını bildirib.
Daş Salahlı kənd sakini Əliyev Yolçu Hüseyn oğlu kənddə daş karxanası açmaqla əlaqədar müraciət edib. İcra Başçısı kənd bələdiyyəsinin sədrinə vətəndaşla birlikdə qeyd olunan əraziyə baxmaq və qərar vermək barədə tapşırıq verib.
Yuxarı Salahlı kənd sakini Vəliyev Elşad İsgəndər oğlunun müraciəti rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.