Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Ulu öndərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub

11 may 2018 | 16:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Qazaxda yüksək səviyyədə qeyd olunub. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında ümummilli liderə həsr olunmuş silsilə tədbirlər keçirilib, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən söz açılıb.
          Belə tədbirlərdən biri də Qazax Dövlət Dram Teatrında baş tutub. Burada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Türkün alın yazısı” poeması əsasında hazırlanmış eyni adlı ədəbi-bədii kompozisiya göstərilib.
          Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər tədbir iştirakçıları əvvəlcə rayon Mədəniyyət Mərkəzinin foyesində ulu öndərə həsr olunmuş “Heydər Əliyev - 95” adlı kitab sərgisinə baxmışlar.    
          Sonra ədəbi-bədii kompozisiya nümayiş olunub. Şair-publisist Aydın Murovdağlının qələmə aldığı əsərdə ümummilli liderin həyat və fəaliyyətinə, keçdiyi şərəfli mübarizə yoluna bir daha nəzər salınıb.
          Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov olan kompozisiyada ulu öndər Heydər Əliyevin şərəfli həyatından, onun ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizədən, bu yolda qarşılaşdığı maneələrdən və onu necə dəf etməsindən söz açılıb. 
          Aktyorlardan Saqif İsgəndərov, Zəmanə Dərviş, Aydın Orucov, İlqar Hacəliyev və Hacı Hacıyevin iştirak etdiyi kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
          Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ulu öndərin titanik həyat və fəaliyyətindən danışıb. Ümummilli liderə həsr olunmuş kompozisiyanı yüksək qiymətləndirərək əsərin müəllifinə və aktyorlara minnətdarlıq edib.
          Aydın Murovdağlı çıxış edərək kompozisiyanın hazırlanmasına göstərdiyi diqqət və qayğıya görə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib, teatrın yaradıcı kollektivinə təşəkkür edib.


                   Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri
11.05.2018-ci il

Keçidlər