Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilmişdir
Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr olunmuş təntənəli toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış, RİHB-nın müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir. YAP rayon təşkilatının sədri Həmid Pənahovun, Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyevin, AMİ-nin Qazax filialının direktor müavini Məmməd Yusifovun çıxışları dinlənilmişdir. Məruzə və çıxışlarda Şərqdə ilk demokratik respublika olan AXC-nin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış və vurğulanmışdır ki, AXC-nin yaranması bizim vaxtıilə itirilmiş dövlətçiliyimizi bərpa etmişdir, eyni zamanda, xalqımızın tarixində ilk demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin təşəkkülünün əsasını qoymuşdur.
Lakin ölkəmiz bolşevik-rus imperiyası tərəfindən hərbi təcavüzə məruz qalıb işğal olunduğundan müstəqilliyimiz cəmi 23 ay yaşadıqdan sonra süqut etmişdir. Xalqımız 70 il sovet imperiyasının tərkibində yaşamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycanın ötən əsrin əvvəllərində yüksəlmiş üç rəngli bayrağı əsrin sonlarında yenidən bir daha yüksəlmiş və ölkəmiz böyük itkilər və qanlar bahasına yenidən müstəqil olmuşdur. Lakin bu dəfə də Azərbaycanın xarici düşmənləri və onların daxilimizdə olan havadarları dinc dayanmadılar. Onların hazırladığı məkrli planlar əsasında dövlətçiliyimizə və müstəqilliyimizə zərbələr vurmuşlar. Azərbaycanda vətəndaş müharibəsi başlanmış və qardaş qanı axıdılmışdır. Azərbaycan dövlətinin məhv olması üçün real təhlükə yaranmışdır. Belə çox ağır bir gündə xalqın xahişi və təkidli tələbi ilə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldi. Yalnız bundan sonra ölkəmiz və müstəqilliyimiz üçün bütün təhlükələrin qarşısı alındı.
Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimiz möhkəm əsaslarını yaradaraq AXC-nin siyasi və hüquqi varisi olan bugünki qüdrətli, çiçəklənən Azərbaycanı yaratmışdır.
Müstəqil Azərbaycan dövləti bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizdə çox böyük iqtisadi və siyasi nailiyyətlər qazanılmışdır. Qazanılmış bu nailiyyətlərə və əldə olunmuş uğurlara görə artıq Azərbaycanın müstəqilliyi “daimi, dönməz və əbədi” olmuşdur.