Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndlərində görüş keçirilmişdir

05 iyun 2014 | 15:00

Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur. Bu, həm problemi dərindən və ətraflı öyrənməyə, həm də qaldırılan problemlərin yerindəcə, operativ həll olunmasına kömək edir. Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov fəaliyyətə başladığı ilk gündən kəndlərdə yerli sakinlərlə səyyar qəbullar və görüşlər keçirir. Keçirilən səyyar qəbullarda və görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilir.
Növbəti belə görüş düşmənlə sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində olmuşdur. Görüş zamanı çıxış edən kənd sakinləri ermənilərin bir addımlığında yerləşməsinə baxmayaraq kənddə yaşamaq üçün bütün lazım olan şəraitin yaradıldığını və sosial problemlərin həll olunduğunu bildirmişlər. Qeyd etmişlər ki, qaz və işıq cəhətdən heç bir çətinlik yoxdur. Prezidentin Sərəncamına əsasən Qazaxdan Məzəm və Quşçu Ayrım kəndlərinə çəkilmiş asfalt yoldan sakinlər rahatlıqla istifadə edirlər. Kənddə son illərdə feldşer-mama məntəqəsi də tikilib istifadəyə verilmişdir. Hazırda isə 220 şagird yerlik 3 mərtəbəli yeni məktəb binasının tikintisi sürətlə davam edir. Bütün bunlara görə kənd sakinləri Respublika Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildirmişlər. Bunlarla yanaşı, sakinlər kənddəki bir sıra xırda çatışmazlıqlardan da söz açmışlar. Rayon rəhbərliyi həmin problemlərin də həlli istiqamətində görüşdə iştirak edən aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Quşçu Ayrım və Məzəm kəndlərində yeni tikilən məktəb binalarına da baxmış, öz tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər