Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 100 yaşlı veteran

26 may 2018 | 16:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun uzunömürlü insanlardan birinin - Cümhuriyyətin yaşıdı, Böyük Vətən Müharibəsi veteranı Nəbi Nəbiyevin 100 illiyi yüksək səviyyədə qeyd olunub.
  Müdafiə Nazirliyinin müşaviri Abdulla Qurbani giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və  əhəmiyyətindən danışıb. Belə bir tədbirin respublikamızda ilk dəfə keçirildiyini qeyd edərək yubilyarı təbrik edib.
  Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.
  100 yaşlı yubilyar at belində meydana daxil olub. Ehtiyatda olan baş leytenant Nəbi Nəbiyev hərbi qaydada təzim edərək tədbir iştirakçılarını salamlayıb. Doğum gününün bu cür yüksək səviyyədə qeyd olunmasına görə Ölkə başçısı İlham Əliyevə, Müdafiə Naziri Zakir Həsənova, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi və öz adından dərin minnətdarlığını bildirib.
Abdulla Qurbani Müdafiə Naziri Zakir Həsənovun təbrik məktubunu oxuyaraq xüsusi hədiyyələri yubilyara təqdim edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “General Əliağa Şıxlinski” yubiley medalını Nəbi Nəbiyevin sinəsinə taxıb.
  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və yubilyara öz təbriklərini çatdırıb.
Sonra zurnançıların ifa etdikləri havanın sədaları altında veteranlar rəqs ediblər.
Müdafiə Nazirliyinin zabiti Emin Səfərov çıxış edərək yubiley tədbirinin Qazaxda düşmənlə üz-üzə yerləşən Kəmərli kəndində keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan Ordusunun qələbə çalacağı günün uzaqda olmadığını qeyd edib.

 

Vəli VƏLİYEV
“Respublika”
26.05.2018-ci il

Keçidlər