Daha bir kənd yolunun çəkilişi başa çatmaq üzrədir
Prezident İlham Əliyevin sərəncamlarına, həmçinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə yol infrastrukturunun yenilənməsi davam edir. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə, yük və sərnişin daşımalarının asanlaşdırılmasına xidmət edən belə tədbirlər Qazax rayonunda da həyata keçirilir.
Son iki ildə rayonun Kosalar, Çaparlı, Kommuna, Çaylı, Hüseynbəyli kəndlərinə yeni asfalt yollar çəkilərək uzun illər hökm sürən problemə son qoyulmuşdur. Hazırda Cəfərli kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatmaq üzrədir. Respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci kilometrliyindən Cəfərli kəndinə ayrılan bu yolda artıq son tamamlama işləri görülür.
Yolun uzunmüddətli olması üçün iki laydan ibarət asfalt örtüyü salınır. Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri bərkidilərək çınqıl tökülür. Bundan başqa, 3 yerdə suötürücü boru yenilənmiş, onların giriş və çıxış hissələrində bərkitmə işləri aparılmışdır. Havaların əlverişli keçməsi yol işçilərinin işini xeyli asanlaşdırdığından onlar yolun yaxın günlərdə istismara verilməsini nəzərdə tuturlar.
Sabir ƏLİYEV,
“Azərbaycan”