Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentinin Sərəncamı icra olunur

09 iyul 2014 | 15:00

Qazax rayonunda ölkə Prezidentinin “Azərbaycan Respublikasının vətəndaşlarının 2014-cü il iyulun 1-dən  30-dək həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” 02 iyun 2014-cü il tarixli, 525 saylı Sərəncamın icrası ilə əlaqədar tədbir təşkil olunmuş və gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı təntənəli mərasim keçirilmişdir. Tədbirdə mədəniyyət və təhsil işçiləri, gənclər, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, əmək və müharibə veteranları, valideynlər, ağsaqqallar, rayon İcra Hakimiyyətinin və SHXÇDX-nın rayon şöbəsinin məsul işçiləri və Qazax Cümə Məscidinin imamı iştirak etmişdir.
Heydər Əliyev adına parkda  təşkil olunmuş mərasimdə tədbir iştirakçıları əvvəlcə,  Ulu Öndər Heydər Əliyevin  xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Mərkəzdə gənc çağırışçılara Ulu Öndərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Vüqar Mirzəyev  giriş sözü ilə açaraq gəncləri həqiqi hərbi xidmətə yola salınmaları münasibətilə təbrik etmiş, onlara nümunəvi hərbi xidmət göstərmələrini arzulamışdır.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov mərasimdə geniş çıxış etmişdir. Bildirilmişdir ki, hazırda ölkəmizdə ordu quruculuğu prioritet sahələrdən biridir. Müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən güclü, nizami ordularından biri yaradılmışdır. Ordumuzun peşəkarlığı daha da artmışdır. Hazırda ölkəmiz hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləyir. Dövlət büdcəsində ən böyük xərclər orduya sərf edilir.  Son illərdə Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur. Bu silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, hərbi xərclər büdcəmizdə bundan sonra da üstünlük təşkil edəcəkdir.
Bütün bunlarla yanaşı, ordumuzda nizam-intizam artır, islahatlar aparılır.  Müasir döyüş taktikası tətbiq edilir. Dünyada ən qabaqcıl təcrüəbə öyrənilir və ölkəmizdə istifadə olunur. Hərbiçilərimizin mənzil-məişət şəraiti daha da yaxşılaşdırılır, sosial müdafiəsi yüksək şəkildə təşkil edilir. Hərbiçilərin maaşları, pensiyaları vaxtaşırı artırılır və ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən  iki il bundan əvvəl imzalanmış Sərəncama əsasən orduda 20 il qüsursuz xidmət edən şəxslərə dövlət tərəfindən mənzillər verilir. İlin sonuna qədər bu cür mənzillərin sayı  500-ə çatacaqdır.
Tədbirdə qeyd olunmuşdur ki, torpaqlarımız işğal altındadır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, eləcə də hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır. Ölkəmiz vətənin oğullarına, bizim bu gün fəxrlə həqiqi hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyir. Torpaqlarımızın işğaldan azad olunması onların ordu sıralarında vətənə sədaqətlə xidmət etmələrindən çox asılıdır. Biz  bu gün onlara möhkəm can sağlığı, vətənə sədaqətlə xidmət etmələrini, xidmət etdikləri hərbi hissələrdə komandir və zabit heyətinin əmr və tapşırıqlarını ləyaqətlə, şərəflə yerinə yetirmələrini arzulayırıq.
Sonra müharibə veteranı Vidadi Müftizadə, valideyn Nəsimi Vəliyev, “Göyəzən” rayon qəzetinin redaktoru Elçin İsmayıl və başqaları çıxış edərək həqiqi hərbi xidmətə yola salınan gənclərə öz tövsiyə və məsləhətlərini vermiş və onlara ordu sıralarında nümunəvi xidmət arzulamışlar.
Sonra gənclər şən musiqi sədaları altında rəqs etmişlər.
Mərasim başa çatdıqdan sonra hərbi çağırışçılar Azərbaycan bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keşmişlər və hərbi xidmətə yola salınmışlar.

Keçidlər