Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbir keçirilmişdir

02 iyul 2014 | 15:00

Qazax rayonunda 2 iyul Azərbaycan Polisi günü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış, abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Qazax rayon polis şöbəsinin rəisi, polis polkovniki Zöhrab İsmayılov açmış, bünövrəsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Azərbaycan polisinin keçdiyi çətin və şərəfli yoldan danışmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov geniş çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycanın müstəqillik qazanmasına baxmayaraq ilk illər bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da bir sıra çatışmazlıqlar özünü biruzə vermiş, polis sözün əsl mənasında formalaşa bilməmişdir. Bu, bir tərəfdən ölkədəki hərcmərclikdən, digər tərəfdən isə qanunvericilikdəki boşluqlardan irəli gəlirdi.  Ümummilli Lider Heydər Əliyevin 15 iyun 1993-cü il tarixdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, daxili işlər orqalarında da  böyük canlanma əmələ gəldi. Azərbaycan polisi qəbul olunmuş qanunlar əsasında formalaşmağa, dövlətə, prezidentə və xalqa layiqli formada xidmət göstərməyə başladı. Məhz həmin illərdə daxili işlər orqanlarının fəaliyyətni tənzimləyən hüquqi bazanın yaradılmasına başlanıldı.
Polis orqanları ilə bağlı dövlət siyasəti bu gün möhtərəm prezidentimiz, ali baş komandan İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilir. Prezidentin təşəbbüsü ilə 2004-cü ildə iyun ayının 30-da qəbul edilmiş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.  Ölkə başçısının hər zaman Azərbaycan polisinin əməyinə verdiyi yüksək qiymət hər bir polis əməkdaşının, o cümlədən Qazax Rayon Polis şöbəsinin şəxsi heyətinin xidməti fəaliyyətinin daha da yaxşılaşmasına səbəb olmuşdur.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Polisi günü münasibətilə bütün polis işçilərini təbrik etmiş, onlara möhkəm can sağlığı, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulamışdır.
Tədbirdə Qazax Rayon Məhkəməsinin sədri Məhərrəm Allahverdiyev, polis veteranlarından Xanlar Əmiraslanv, Ramiz Xəlilov və başqaları çıxış etmişlər.
Tədbirin sonunda xidməti fəaliyyətlərində fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin və polis şöbəsinin fəxri fərmanları və pul mükafatları təqdim olunmuşdur.

Keçidlər