Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub

29 avqust 2023 | 20:00

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Avqustun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş Qazax şəhəri Nəriman Nərimanov küçəsində yaşayan bir qrup sakinin yaşadıqları küçədən ağır tonajlı yük maşınlarının gediş-gəlişinin dayandırılması barədə məsələni yerində araşdırıb.

İcra başçısı Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov və digər aidiyyəti şəxslərin iştirakı ilə vətəndaşların müraciətlərini dinləyib, səsləndirdikləri məsələyə həssaslıqla yanaşılacağını bildirib. Rayon rəhbəri sakinlərin yaşadıqları küçədən ağır tonajlı maşınların keçməsinin dayandırılması və bunun üçün lazım olan “Yük maşını hərəkəti qadağandır” yol nişanının qoyulması barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Rayon rəhbəri vətəndaşların yaşadıqları küçənin asfaltlanması və işıqlandırılması barədə müraciətlərinə cavab olaraq şəhərin digər küçələrində olduğu kimi, Nəriman Nərimanov küçəsində də nəzərdə tutulduğunu qeyd edib.

Sonra rayon rəhbərliyi İkinci Şıxlı kəndində də olub, sakinlərin torpaq məsələsi ilə bağlı müraciətlərini yerində dinləyib. Qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Vətəndaşlar onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətinə operativ şəkildə baxılmasına və bugünkü görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. 

Keçidlər