Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli məktəbdə işlərin xeyli hissəsi görülüb

07 iyun 2018 | 16:00

Qazax rayonunda aparılan genişmiqyaslı tikiti-quruculuq işlərində digər sahələrlə yanaşı məktəb tikintisinə də böyük önəm verilir, mütəmadi olaraq yeni tədris ocaqları tikilir, yaxud da əsaslı şəkildə yenidən qurulur. Həmin ənənə bu il də davam etdirilir.
2 aydan çoxdur ki, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə başlanılmış əsaslı tikinti işləri hazırda sürətlə davam etdirilir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə şəhər 2 nömrəli tam orta məktəbə gələrək görülən işlərlə tanış olub.
İş icraçısı Pərviz Qafarov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib. Söküntü bitən hissələrə suvaq vurulur ki, idman zalı və klubda bu iş yekunlaşıbdır.
Əsas binanın da bir hissəsində dam örtüyü sökülüb, idman və akt zalının dam örtüyündə isə taxta konstruksiya yığılıb, hazırda metal lövhənin yığılmasına başlanılıb. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi davam edir.
Əsas binanın bir hissəsində, idman və akt zalında plastik pəncərələrin qoyulması işləri də sürətlə aparılır.
İş icraçısı bildirib ki, bu işlərlə yanaşı olaraq istilik sisteminin və su xətlərinin çəkilməsi işləri də həyata keçirilir. Əsas binanın 1-ci mərtəbəsində, idman və akt zalında  beton tökülərək hamarlanıb.
Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarlarında bünövrə hissəsinə beton qatı tökülüb. Hazırda anbarlarda və qazanxana binasının divar və örtüyünün tavanında dəmir-qəlib işləri apaılır.
Təmir işləri ilə ətraflı tanış olduqdan sonra İcra başçısı məktəbin müəllim kollektivi ilə görüşüb. Müəllimlərlə səmimi söhbət əsasında keçirilən görüşdə Respublika Prezidenti İlham Əliyev cənablarının təhsil sahəsindəki həyata keçirdiyi genişmiqyaslı layihələrdən, görülən işlərdən söhbət açılıb.
Məktəbin direktoru Murğuz Mustafayev rəhbərlik etdiyi məktəbdə həyata keçirilən əsaslı tikinti işlərinin də bu tədbirlərin bir hissəsi olduğunu bildirib. Daha sonra təmir işləri ilə əlaqədar olaraq dərslərin iki növbəli şəkildə keçirilməsi barədə məlumat verib. Təmir aparılmasına baxmayaraq şagirdlərin dərsə davamiyyətinin həmişə olduğu kimi yüksək səviyyədə olduğunu qeyd edib. Məhz bu davamiyyətin nəticəsidir ki, hələ ilkin imtahanda 3 nəfər şagirdin 600-dən yüksək bal topladığını bildirib.
Sonra məktəbin  kimya müəllimi Nazilə Abbasova, rus dili müəllimləri Təranə Yusifova, Aidə Həbibova, ingilis dili müəllimi Elgülnarə Əmiraslanova rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə və müəllimlərə göstədiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına bütün müəllimlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Məktəbdə aparılan əsaslı tikinti işlərini bu qayğının təzahürü kimi qiymətləndiriblər.

Keçidlər