2014-cü ilin 6 ayının yekunları Qazax rayonunda müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayıın sosial-iqtisadi inklişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayon İcra Hakimiyyəti Başçısı yanındakı Şuranın rayonun aidiyyəti qurumlarının və ictimaiyyət nümayəndlərinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 45 il ötür. Müasir Azərbaycanın qorunub saxlanılması, inkişaf etmiş qüdrətli ölkəyə çevrilməsi Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük siyasət adamı sovet dövründə də Azərbaycanın inkişafında, xalqın həyat səviyyəsinin yüksəlməsində misilsiz xidmətlər göstərmişdir. AXCP-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti zamanı dövlətçiliyimizin dağılması və xalqımızın məhv olunması təhlükəsi yarandıqda xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər xalqın əsl xilaskarına çevrilmişdir. Onun dövründə Azərbaycan dövlətinin hərtərəfli inkişafının əsası qoyuldu, böyük strateji layihələrin həyata keçirilməsinə başlanıldı. Azərbaycanda güclü iqtisadiyyat və güclü dövlət yarandı. Ölkəmiz regionun və dünyanın dinamik inkişaf edən ölkəsinə çevrildi. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkə iqtisadiyyatı 2,1 faiz artmış, ümumdaxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunda inkişaf 7,0 faiz olmuşdur. İnflyasiya cəmi 1,6 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 47,0 faiz artaraq inflyasiyanı 3 dəfə üstələmişdir. Bu il üçüncü regional inkişaf Proqramı qəbul edilmiş, bunun nəticəsində 65 min yeni iş yeri yaradılmışdır. Ümumiyyətlə, 2003-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılmışdır. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Qazax rayonunda görülmüş işlərdən danışan cənab Ayaz Əsgərov bildirmişdir ki, 2014-cü ilin birinci yarısı rayon üçün də uğurlu olmuşdur. 2014-cü ilin 6 ayında yerli daxilolmalar üzrə proqnoza 103,5 faiz əməl olunmuş, büdcəyə 87 min 989 manat çox vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 100 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli xərclər 2,7 faiz çox icra olunmuşdur. Əhaliyə 29 milyon 112 min 709 manat kredit verilmiş, əhalidən 694 min 784 manat əmanət cəlb olunmuş, SKMF tərəfindən vətəndaşlara 649 min manat kredit verilmişdir.
Əhalinin qaz, elektrik enerjisi və su təchizatının daha da yaxşılaşdırılması ilə əlaqədar bir sıra işlər görülmüş, sərf olunmuş enerjinin dəyəri vaxtında toplanıb aidiyyəti qurumların bank hesablarına köçürülmüşdür. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də bir sıra tədbirlər hazırlanıb həyata keçirilmiş və işin keyfiyyəti daha da yaxşılaşdırılmışdır. Müasir Azərbaycan tarixinin məktəblərdə daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər keçirilmişdir. Dövlət başçısının tapşırığına əsasən əhalinin tibbi müayinəsi Qazax rayonunda da uğurla başa çatmışdır.
2014-cü ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyaların və ümumi məhsul buraxılışının həcmi 1,5 faiz çoxalmışdır. Sənaye məhsulunun həcmi 6,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 4,8 faiz artmışdır. Adambaşına düşən ümumi məhsulun həcmi 567 manat, orta aylıq əmək haqqı isə 235 manat təşkil etmişdir. Birinci yarımildə 16 müəssisə yaradılmış, 560 yeni iş yeri açılmışdır. Məşğulluq Mərkəzinə müraciət edən 500 nəfər vətəndaşdan 259 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 68 nəfəri münasib işlə təmin olunmuşdur.
İllik istehsal gücü 1 milyon ton olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatmış, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. İyirmi altı min nəfər əhaliyə xidmət edən, 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Fərəhli kəndinə gedən yolda cari təmir işləri aparılmışdır. Qazax-Kosalar avtomobil yolunda da tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq 180 şagird yerlikQuşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa-gücləndirmə işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazax şəhərində hər biri 100 yerlik iki uşaq bağçasının tikintisi, Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sisteminin quraşdırılması işləri sürətlə davam etdirilir. Ağköynək kəndində məişət tullantıları üçün 30 hektar sahədə hazırlıq işləri aparılmış, Aslanbəyli kəndində əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə tutumu 48 ton olan 3 ədəd su çəni qoyulmuş və yeni su xətləri çəkilmişdir. Qazax şəhərində 145 çarpaylıq yeni Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Yaxın vaxtlarda məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 300 ailə üçün yaşayış binalarının tikintisinə başlanılacaqdır. Bu məqsədlə rayonda 10 hektar torpaq sahəsi ayrılmışdır.
2014-cü ilin 6 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra işlər görülmüş, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə dövlət vəsaiti hesabına 542 min 120 manat yardım hesablanaraq sənədlər yardım komissiyasına verilmişdir. Rayonda 7 min 880 ha sahənin taxılı optimal müdətdə yığılmış, məhsuldarlıq 25,6 sentnerə çatdırılmışdır. Bu ilin məhsulu üçün 579 ha yonca, 364 ha qarğıdalı, 465 ha tərəvəz, 93 ha yazlıq dənlilər, 76 ha texniki bitkilər və 24 ha bostan əkilmişdir. Həmin sahələrdə məhsul yığımı davam edir. Hesabat dövründə rayon ərazisində 164 min 800 ədəd yeni ağac əkilmişdir. Süni yolla mayalandırılmış heyvanlardan 397 baş bala alınmışdır. Heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 449 ton, ət istehsalı 61 ton və yumurta istehsalı 88 min ədəd çox olmuşdur.
Müzakirələr zamanı Rayon Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Rayon Suvarma Sistemləri idarəsinin rəisi Abbas Göyüşov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan tikinti-abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.