Şəhər 2 nömrəli məktəbdə əsaslı təmir işləri davam edir
Qazax rayonunda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində məktəb tikintisinə də böyük önəm verilir, hər il yeni tədris ocaqları tikilir, yaxud da əsaslı şəkildə yenidən qurulur. Artıq ənənə halını almış məktəb təmiri bu il də davam etdirilir.
Hazırda S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işləri davam edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir aparılan məktəbə gələrək təmir işləri ilə tanış olub.
Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib, Söküntü bitən hissələrə suvaq vurulur ki, binanın xarici fasadında, idman zalı və klubda bu iş yekunlaşıbdır.
Əsas binanın bir hissəsində, idman zalı və köməkçi hissələrin dam örtüyü tamamilə vurulub. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi də başa çatıb.
A və B korpuslarında hər üç mərtəbədə beton döşəmə tökülməsi və hamarlanması davam edir. Daxili suvaq tam başa çatıb. 1-ci mərtəbədə boyaq işlərinə başlanılıb. B korpusunda isə bu iş davam edir. Həmçinin istilik xətlərinin çəkilməsi işi 80% yerinə yetirilib. Sanitar qovşaqlarında montaj işləri aparılır. C korpusunda isə çürümüş taxta döşəmənin və divarların çapılaraq sökülməsi işləri davam edir.
Məktəbdə təmir işləri ilə yanaşı, müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunur. Su anbarları tam hazırdır. Xarici izolyasiya işləri yekunlaşıb, daxildə isə bu iş davam edir.