Rayon gəncləri ilə görüş keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətində rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, icra başçısının müavinləri, Aparatın məsul işçiləri, rayonda müxtəlif sahələrdə çalışan fəal gənclər və məktəb məzunları iştirak etmişdir.
Görüşü Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açmış, dövlətin gənclər siyasətindən, gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açmış, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün möhətərm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdə və eləcə də rayonumuzda gənclərlə iş sahəsində son illər bir sıra uğurlar əldə olunmuş və nəzərə çarpacaq nailiyyətlər qazanılmışdır. Rayonumuzda son 10 ildə 24 yeni məktəb binasının, Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin və Şahmat Məktəbinin tikilib istifadəyə verilməsi deyilənlərə əyani misaldır.
Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək gəncləri salamlamış, görüşün keçirilməsində əsas məqsədin gənclərin sosial problemlərinin yerində öyrənilməsi və həll olunmasına kömək göstərilməsindən ibarətdir. Bildirmişdir ki, bu gün ölkəmizdə gənclərin yüksək təhsil alması, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılmışdır. Bu gün gənclər siyasətinin əsas istiqamətlərindən biri onların xarici ölkələrdə təhsil almasıdır. Bu məsələ dövlət başçısı İlham Əliyev cənablarının diqqət mərkəzindədir və bu gün ölkəmizdə uğurla həyata keçir. Sonra cənab Habil Əzənmədov gənclərə xoş niyyətlərini və arzularını bildirərək onlara uğurlar arzulamışdır.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək rayonda gənclər üçün yaradılan şəraitdən, həyata keçirilən tədbirlərdən danışmışdır.
Sonra maraqlı diskusiya şəraitində keçən görüşdə gənclər çıxış edərək öz arzu və təkliflərini bildirmişlər.