Hesabat yiğincaği keçirilmişdir
Fevralın 8-də hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Elm Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon mədəniyyət sarayında davam etdirilən tədbirdə iştirakçılar foyedə “Yeni ilə yeni quruculuqla” başlığı altında təşkil olunmuş fotostendlə tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov 2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Sonra hesabat məruzəsi ilə bağlı müzakirələrə başlanılmışdır. Qazax rayon maliyyə idarəsinin rəisi Novruz Abdullayev, rayon polis şöbəsinin rəisi Zöhrab İsmayılov, təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Akif Vəliyev, rayon qaz istismar sahəsinin rəisi Mahir Qocayev və başqaları çıxış edərək rəhbərlik etdikləri idarə və müəssisələrdə hesabat dövründə görülən işlərdən söz açmışlar.
Tədbir iştirakçıları əvvəlcədən zalda qurulmuş mikrafon vasitəsilə öz arzu və təkliflərini rayon rəhbərliyinə bildirmişlər. Çıxış edən tədbir iştirakçıları rayonun I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı və Kosalar kəndlərinə qaz verilməsinin bərpa olunmasına, Qarabağ əlilləri, şəhid ailələri və məcburi köçkün ailələri üçün yeni yaşayış evlərinin tikintisinə köməklik göstərilməsini xahiş etmişlər. Eyni zamanda rayon rəhbərliyindən Quşçu Ayrım kəndini Qazax şəhəri ilə birləşdirən avtomobil yolunun asfaltlaşmasına, Yuxarı Salahlı, I Şıxlı və Aşağı Salahlı kənd sakinləri adından Kür çayının sahili boyunca aparılan sahilbərkitmə işlərinin sürətləndirilməsinə, Ağköynək kəndində yeni bağçanın tikilməsinə, Aslanbəyli kəndində isə arteziyan quyularının qazılmasına köməklik göstərilməsi xahiş olunmuşdur.
Milli Məclisin deputatları Əhməd Vəliyev və İlyas İsmayılov, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev hesabat yığıncağında çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.