Qızıl Aypara Cəmiyyətinin prezidenti Qazaxda olmuşdur
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov və vitse prezidenti Əziz Qocayev Qazax rayonuna səfər etmişlər. Onlar rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, İcra Aparatının məsul işçiləri, rayonun idarə, müəssiə və təşkilat rəhbərləri ilə birlikdə rayonun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində olmuşlar və şəhid Almazov İsa Ziyad oğlunun yas mərasimində iştirak etmişlər. Bundan sonra kənd əhalisi ilə görüşmüşlər. Görüş zamanı bu gün ermənilər tərəfindən atəşkəs rejiminin tez-tez pozulması, erməni təxribatçı qruplarının fəallığının artmasına baxmayaraq, təmas xəttində mövqelərimizin möhkəm, ordumuzun tam üstünlüyə malik olması, döyüş qabiliyyətinin və peşəkarlığının artması, əsgər və zabitlərimizin Vətənə ləyaqətlə xidmət etmələri və hərbi hissələrdə, eləcə də bütün xalqımızda böyük ruh yüksəkliyinin olması barədə söhbətlər aparılmışdır.
Kənd əhalisi düşmənin heç bir təxribatından, atəşkəs rejimini tez-tez pozmasından qətiyyən narahat olmadıqlarını, Milli Ordumuzun gücünə inadıqlarını, ordu ilə hər zaman bir yerdə olduqlarını, doğma kəndlərindən heç yana getməyəcəklərini, öz evlərində gündəlik işlərlə məşğul olduqlarını, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının əmr və tapşırıqlarını hər zaman yerinə yetirməyə hazır olduqlarını söyləmişlər.
Sonra cənab Novruz Aslanov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində olmuş, orada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qərb bölgəsinin 12 rayonunun sədrləri ilə görüşmüşdür.