Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax məktəbliləri İsmayıllı-Qəbələ-Şəki rayonlarına ekskursiyadan zəngin təəssüraflarla qayıtmışlar.

08 sentyabr 2014 | 15:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Qazaxdan olan iştirakçıları respublikamızın şimali-qərb bölgəsinə ekskursiyası İsmayıllı rayonundakı Lahıc qəsəbəsindən başlamışdır. Qəsəbə ilə tanışlıqdan sonra məktəblilər Qəbələ rayonuna gəlmişlər. Onlar bu diyarın füsunkar olduğunu ilk dəfə görmüşlər.Qəbələnin keçmişini əks etdirən eksponatlarla tanışlıqdan sonra hiss etmişlər ki, bu gözəl məkanın hər qarışında qədim tariximizin izləri var. Qısası, Qəbələ həm qədim, həm də müasir şəhərdir.
Ekskursiyanın 3-cü günü Qazax məktəblilərinin Şəki ilə tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən Şəki xanlarının sarayını ziyarətlə başlamışdır. Saray tur iştirakçılarının böyük marağına səbəb olmuşdur. Onlara bildirilmişdir ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrin nadir tarixi-memarlıq abidəsidir. Saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki yaşı 500-dən çox olan qoca Xan çinarı məktəblilərin böyük maraqına səbəb olub. Bildirilmişdir ki, 2 il əvvəl Şəki xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunub.
Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” tarix-memarlıq qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki tarix-diyarşünaslıq Muzeyində olmuşlar.  Məlumat verilmişdir ki, hazırda muzeydə 5 minə qədər eksponat saxlanılır.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq Qazax məktəblilərinin ürəyincə olub. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalıb, ticarətlə məşğul olublar.Hazırda bu tarixi bu abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.
Səfər proqramına uyğun olaraq aksiya iştirakçıları daha sonra XIX əsrə aid tarix-memarlıq abidəsi Şəki-Cümə Məscidinə və burada fəaliyyət göstərən İslam Mədrəsəsinə baş çəkiblər.
Tur-aksiyası iştirakçıları Fazil kəndində yerləşən və eramızdan əvvəl II minilliyin ikinci yarısına, tunc dövrünə aid edilən qədim yaşayış məskəni-Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə tanış olublar.
Şəkiyə səfərləri çərçivəsində Qazax məktəbliləri Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Bildirilib ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk künbəzli, zal tipli məbəddir. Məbəd tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin içərisindəki, Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin böyük marağına səbəb olmuşdur.
Qədim və müasir Şəki ilə tanışlıq Qazax məktəblilərini heyran etmişdir. Onlarda Vətənimizin hər bölgəsinə, torpağımızın hər qarışına böyük sevgi və məhəbbət hissi yaratmışdır.

 

 

Keçidlər