Şriftin ölçüsü :

Saytın rəngi :

Bala Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib

30 avqust 2018 | 16:00

Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutan icra başçısının mütəmadi olaraq kəndlərə getməsi, səyyar görüşlər keçirməsi, mövcud çatışmazlıqları yerindəcə öyrənərək həlli istiqamətində lazımi tapşırıqlar verməsi bu ənənənin ötən 2 il 3 ay ərzində uğurla icra olunması deməkdir. 
Bu gün Bala Çaylı kəndində keçirilən səyyar görüş də bu dediklərimizin əyani sübutudur. Məhz keçirilən görüşlərin, göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, kənd sakinləri ilə rayon rəhbərliyi arasında isti bir münasibət yaranıb. Hər bir kənd sakini tərəfindən qaldırılan problem və çatışmazlıqların yerindəcə həll olunması səyyar görüşlərin böyük səmərə verdiyini bir daha göstərir və vətəndaşda dövlətə, rəhbərə inam hissini artırır.
Bala Çaylı kəndi də rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığı kəndlərdən biridir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən digər kəndlərlə yanaşı, bu kəndə də xüsusi qayğı ilə yanaşmasının nəticəsidir ki, sakinlər hər görüşdə böyük sevinc hissi ilə öz razılıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu ilin proqramına uyğun olaraq növbəti dəfə sizlərlə görüş keçiririk. Belə səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra başçısı qeyd edib ki, bildiyiniz kimi, kəndin adı sovet dövründən qalan köhnə Kommuna adı ilə adlandırılmışdı. Siz sakinlərin təklifinə uyğun şəkildə haqlı olaraq məsələ qaldırıldı və aidiyyəti təşkilatlara müraciət olundu. Çox sağ olsun ki, dövlətimiz və dövlət başçımız tərəfindən təklifimizə müsbət münasibət bildirildi, yüksək dəyərləndirildi və kəndin adı dəyişdirilərək Bala Çaylı adlandırıldı.
Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi, həyata keçirilməsinin nəticəsidir ki, bu gün rayonumuz istər tikinti-quruculuq, istərsə də kənd təsərrüfatı sahəsində özünün intibah dövrünü yaşayır. Bunu ölkə başçısının apardığı quruculuq siyasətinin son 2 il 3 ay ərzində Qazaxda olduğu kimi, həyata keçirilməsindən də aydın şəkildə görmək olur.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışan icra başçısı bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə Başçısı İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi uğurla davam etdiriləcəkdir. Qeyd edib ki, rayonun Daş Salahlı və Dəmirçilər kəndlərində də yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulmuşdur.
Məktəb tikintisindən danışan rayon rəhbəri bildirib ki, 2016-cı ildən başlayaraq bu istiqamətdə uğurlu işlər görülür. Elə həmin il Çaylı kənd 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra məktəblilərin istifadəsinə verilməsi bunun əyani sübutudur. Məkəblərin əsaslı şəkildə və yüksək səviyyədə təmir olunması bu il də davam edir. Rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işləri aparılır. İlk gündən təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün böyük səylə çalışırlar.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, 2 saylı uşaq bağçasının, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunmasını göstərmək olar. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da əsaslı şəkildə yenidənqurma işlərinin başlanıldığını, şəhər 6 saylı körpələr evi-uşaq bağçasında isə yaxın günlərdə işlərə start veriləcəyini bildirib.
Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 3 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.
Qeyd edib ki, ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə imzaladığı sərəncam, bu sahə ilə bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla icra edilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir, əməli işlər görülür.
2016-cı ildə rayonda 1500 kiloqram barama təhvil verilmişdisə, 2017-ci ildə isə bu göstərici 4623 kiloqram olmuşdur. Bu il isə 6260,3 kq kiloqram məhsul rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil verilmişdir.
Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
Icra başçısı vurğulayıb ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini vermişdir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar.
Rayon rəhbəri qeyd edib ki, dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.
Bunu rayonda əkin aparılmış taxıl sahələrinin artan templə yüksəlməsindən də görmək olar. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
Qarşıdan 2019-cu ilin payızlıq tarla əkini gəlir. Növbəti 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi və 13180 hektarda taxıl səpini aparılması, 9400 hektarda buğda, 3780 hektarda isə arpa əkilməsi nəzərdə tutulmuşdur.
İcra başçısı görüş zamanı payızlıq tarla əkininə hazırlıqla bağlı görüləcək işlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Bunun üçün rayonda kifayət qədər – 103 ədəd texnikanın olmasını qeyd edib. Gün ərzində 400-500 hektar sahədə şum aparılmasının nəzərdə tutulduğu bildirib.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsi və yaxın vaxtlarda işlərə başlanılacağını qeyd edən icra başçısı ötən illərdə bu sahədə görülən işlərdən danışıb.
Qeyd edib ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulsa da 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. Qarşıdan gələn 2019-cu ildə də 260 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə bu rəqəmin də artacağını bildirib.
İqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 134 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 4 tondan çox məhsulu isə “İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.
Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır.
Kənd sakinlərindən Məhəbbət Adıgözəlov, Çoban İsmayılov, Qurban Sanıyev, Qurban Məmmədov, Narıngül İsmayılova, Aftandil Süleymanov, Bəhdəmir Kərimov və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, Bala Çaylı kəndində yaşayan sakinlərə göstərdiyi xüsusi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə işıq xəttinin qırılması, marşurutda fasilələrin yaranması, artezian quyusunun qazılması və digər məsələləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, Bala Çaylı kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır.

Keçidlər