İcra başçısı şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiriləcəyi binada olub
Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda bütün sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün uşaq bağçalarının əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən çoxsaylı bağçaların təmir olunması bunun əyani sübutudur.
Bu gün Prezident İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncama uyğun olaraq rayonda bu sahədə təqdirəlayiq işlər görülür. Son 2 il 3 ay ərzində Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.
Sevindirici hal isə odur ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi ilə yanaşı, kəndlərimizdə də uğurla davam etdirilir.
Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunması, bərpa işləri aparılaraq yenidən qurulması, bağçaların müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu sahənin daim diqqət mərkəzində olması deməkdir.
Ötən həftə şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının təmir olunması barədə məlumat vermişdik.
Artıq bağça binasının boşaldılmasına və uşaqların başqa ünvanda yerləşdirilməsinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti olaraq yerləşəcəyi binaya gəlib, buradakı şəraitlə tanış olub. İstər müəllimlərin rahat şəkildə çalışmaları, istərsə də uşaqların yüksək səviyyədə tərbiyə almaları üçün binada hər cür şəraitin yaradılmasını tapşırıb.