Gürcüstan nümayəndə heyəti Qazaxda qonaq olub
KODA İcma Təhsil Mərkəzi (Gürcüstan) və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Avropa Birliyinin maliyyə dəstəyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi, Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində “İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması” layihəsini Gəncə-Qazax regionunda həyata keçirir. Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarında “Fəaliyyət Planı”na əsasən ölkələr arasında mübadilə proqramı da həyata keçirilir.
01-06 avqust 2018-ci il tarixlərdə layihə benefisarlarından ibarət Azərbaycan nümayəndə heyəti Gürcüstanın Kvemo Kartli bölgəsində regionun turizm məhsulları ilə tanış olmuşlar. Növbəti mübadilə proqramı isə Gürcüstan benefisarlarının iştirakı ilə 30 avqust – 04 sentyabr 2018-ci il tarixlərində təşkil olunub.
Azərbaycanın Gəncə-Qazax regionuna təşkil olunmuş səfərin birinci gününün proqramına əsasən Gürcüstan nümayəndə heyəti Qazax rayonunda qonaq olublar.
Rayonumuzda qonaq olan nümayəndə heyətini Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatın baş məsləhətçiləri Sərdar Orucov, Teybə Hüseynova, böyük məsləhətçi Gülnar Quluyeva və məsləhətçi Səba Paşayeva qarşılayıblar.
Gürcü qonaqlar əvvəlcə Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı “Avey” dağının şərq ətəyində yerləşən “Damcılı mağarası” milli qoruğu ilə tanış olublar.
Bələdçi qonaqlara Damcılı mağarasının tarixi keçmişi haqqında ətraflı məlumat verərək bildirib ki, “Avey” dağı ərazisində aşkar olunan ən qədim daş dövrü insan məskənlərindən biri Damcılı açıq mağara düşərgəsidir.
Sonra nümayəndə heyəti şəhərin mərkəzində yerləşən Qazax Tarix-Diyarşünaslıq Muzeyində olaraq muzeydə olan qiymətli eksponatlarla yaxından tanış olub, rayon haqqında ətraflı məlumat əldə ediblər.
Qazaxdan çıxmış və müxtəlif sahələrin birinciləri olan mütəfəkkirlərin şərəfinə salınmış “Fəxri qazaxlılar” parkı ilə tanış olan qonaqlara Qazaxın saz, söz beşiyi olmasından, şairlər, aşıqlar yurdu kimi tanınmasından söz açıblar.
Səfər çərçivəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə salınmış Şəhidlər Xiyabanı da ziyarət olunub. Vətən uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub. Ziyarət zamanı qonaqlara Qazax rayonunun öz torpaqları uğrunda 285 şəhid verməsi, 7 nəfər Milli Qəhrəmanın və bu gün də 7 kəndinin işğal altında olması haqqında geniş məlumat verilib.
Daha sonra nümayəndə heyəti Qazax Müəllimlər seminariyası, XIX əsrdə inşa edilən Qazax Cümə məscidinin və İsrafil ağa hamamının binası ilə tanış olublar. Qonaqlara hər bir bina haqqında ətraflı şəkildə tarixi məlumatlar çatdırılıb.
Mübadilə proqramının növbəti məkanları isə Ağstafa, Tovuz, Şəmkir rayonları və Gəncə şəhəridir.