Qazaxda xalq şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 02 may 2014-cü il tarixli Sərəncamına əsasən Qazax rayon İcra Hakimiyyətinin və AYB-nin Qazax zona filialının birgə təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal açmış və şairin yaradıcılığına dair geniş çıxış etmişdir. Bildirilmişdir ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər yaratmış, milli ədəbiyyatımıza töhfələr vermişdir. Onun yaradıcılığının ana xəttini vətən məhəbbəti, milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycan təbiətinin tərənnümü təşkil etmişdir. Şairin mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün gənc nəslin tərbiyəsində böyük əhəmiyyət kəsb edir.
Sonra çıxışlar olmuşdur. Şairlərdən Saqif Qaratorpaq, Lamiyə Hüseynova, Şəhanə Könül, Əbülfət İslam, Məmməd Dəmirçioğlu, Rəfail İncəyurd, Misir Qələmçəli, aşıqlardan Samir Allahverdiyev, Şəhadət Gülməmmədov, İlqar Qələmçəli, Eldar İbrahimov, Murad Ürkməzli, Hüsən Kəmərli, muğənnilərdən Aytən Əliyeva, Nəsimi Kamil, Elvin Səfərov, İsmət Şıxıyev və başqaları şairə həsr olunmuş şerlər, şairin şerlərinə bəstələnmiş mahnılar oxudular və müxtəlif saz havaları ifa etdilər.
Yubiley tədbiri tamaşaçılara şən əhval-ruhiyyə və xoş ovqat bəxş etmişdir.
Tədbirdə Qazax rayonu İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova və Aparatda İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Məhəmməd Orucov işltirak etmişlər.