İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
İstifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağça binasında ilk gündən işlərə böyük start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçada görülən işlərlə yaxından tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, binada bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq tökülüb. Bundan başqa, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb. Əlavə tikiləcək qrup otaqlarının bünövrə hissəsi qazıldıqdan sonra beton tökülüb. Hazırda hörügü işləri aparılır. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq bu iş yekunlaşmaq üzrədir.
İcra başçısına bildirilib ki, hörgü tam başa çatdıqdan sonra köhnə dam örtüyünün yenilənməsinə, binanın daxilində və xarici fasadında suvaq işlərinə başlanılacaq.
Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bütün işlərin keyfiyyətlə aparılmasını tapşırıb.
Məlumat üçün qeyd edək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində bu gün tam təmirli bağçalardan isə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2 və 3 saylı körpələr evi-uşaq bağçalarını, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar.