Prospektdə çoxmənzilli binalarda aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir
Son 2 il 3 ay ərzində Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculq işlərindən biri də rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasıdır.
Respublika Prezidenti İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamının uğurla icra edilməsi bunun bariz nümunəsidir. Ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir.
Yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilməsi, nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsi bunu deməyə əsas verir.
Təmir işlərinin belə sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. Bu gün tam təmirli binalara "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarını misal göstərmək olar.
Şəhərdə daha 5 ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı təmir işlərinə başlanılıb. Demək olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə təmir işləri aparılan həmin çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, təmir aparılan bütün binaların bloklarında divarlarda köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb.
Bildirilib ki, təmir aparılan binalardan – 63 saylı binada bloklarda görülən bütün işlər tam başa çatıb. Hazırda binanın xarici fasadında rənglənmə işlərinə başlanılıb. 65 saylı binada 3 blokda işlər başa çatdırılıb, 1 blokda isə yekunlaşmaq üzrədir. 61A saylı binada da bloklarda görülən əsas işlər yekunlaşmaq üzrədir. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.
Görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.
Sonra icra başçısı "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında görülən işlərlə də tanış olub.
4 saylı binada olan rayon rəhbərinə bildirilib ki, bu binada dam örtüyünün vurulması işi tam başa çatıb. Bütün bloklarda elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda binanın xarici fasadında və 1-ci blokda boyaq işləri görülür. Digər hazır olan bloklarda da yaxın vaxtlarda başlanılacaq. 4-cü blokda isə işlər yekunlaşmaq üzrədir.
5 saylı binada görülən işlərlə tanış olan zaman icra başçısına məlumat verilib ki, bu binada 3 blok tam hazırdır. Bir blokda isə işlər sürətlə davam etdirilir. Bundan əlavə, binanın dam örtüyünün dəyişdirilməsinə başlanılıb. Hazır olan bloklarda rənglənmə işləri aparılır.
Bina sakinləri səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə aparıldığını bildirən rayon sakinləri buna görə razılıq ediblər.