Qarapapaq kəndində sakinlərlə səyyar görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun istər şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutan icra başçısı xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar görüşlər keçirir. Keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar verilməsi bu ənənənin Qazaxda son 2 il 3 ay ərzində uğurla icra olunmasının bariz nümunəsidir.
Məhz keçirilən görüşlərin, göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, kənd sakinləri ilə rayon rəhbərliyi arasında isti bir münasibət yaranıb. Hər bir kənd sakini tərəfindən qaldırılan məsələnin yerindəcə həll olunması səyyar görüşlərin böyük səmərə verdiyini bir daha sübut edir. Vətəndaşda dövlətə, rəhbərə olan inam hissini artırır.
Bu gün rayon rəhbərinin Qarapapaq kəndində sakinlərlə keçirdiyi səyyar görüş də bu dediklərimizin əyani sübutudur. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də Qarapapaq kəndidir. İcra başçısının başqa kəndlərlə yanaşı, bu kəndə də xüsusi qayğı ilə yanaşmasının nəticəsidir ki, sakinlər hər görüşdə böyük sevinc hissi ilə qarşılayırlar.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, belə səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Bu ilin proqramına uyğun olaraq ikinci dəfədir ki, sizlərlə görüş keçiririk.
Rayon rəhbəri bildirib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi “Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda olduğu kimi həyata keçirildiyini bildirən rayon rəhbəri qeyd edib ki, rayonumuzda istər tikinti-quruculuq, istərsə də kənd təsərrüfatı sahəsi özünün tərəqqi, inkişaf dövrünü yaşayır. Bunu rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərindən də aydın şəkildə görmək olar.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın rayonda uğurla icra edildiyini qeyd edən icra başçısı görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını bunun əyani sübutu olduğunu bildirib.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır.
İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir. Rayon rəhbəri yollarla bağlı görülən işlərin davamı olaraq rayonun Daş Salahlı, Dəmirçilər, Ağköynək və Qarapapaq kəndlərində də yolların əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2,3 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının bu sahədə görülən işlərin bariz nümunəsi olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6 saylı körpələr evi-uşaq bağçalarnda da əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını qeyd edib.
Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu gün 168 km məsafədə düşmənlə sərhəddi olan Qazax rayonunun da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verdiyini, 7 nəfər igid oğlunun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu çatdırıb. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
Məcburi köçkün ailələrinə göstərilən qayğıdan söz açan icra başçısı əlavə olaraq 300-ə yaxın ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsini dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu olduğunu qeyd edib. Bu qayğının bundan sonra da yüksək səviyyədə olacağını çatdırıb.
Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 il 3 ay ərzində əkin sahələrində xeyli sayda artım olmuşdur.
Əkin sahələrinin ildən-ilə genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
İcra başçısı vurğulayıb ki, iqtisadi cəhətdən gəlirli sahə hesab olunan tütünçülüyün inkişafı üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Bildirilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 141 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 5 tondan çox məhsulu isə "İlham-M” MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. 2019-cu ildə də tütün sahələrinin genişləndirilərək 70 hektar əraziyə çatdırılması nəzərdə tutulmuşdur.
Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülür. Hər il təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələri genişləndirərək bol məhsul yetişdirirlər. 2016-cı ildə 433 hektarda kartof əkən sakinlər 2017-ci ildə bu sahəni 376,1 hektar artıraraq 809,10 hektara çatdırdılar. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086,0 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. 2019-cu ildə isə kartof sahələrinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş amili dayanır.
Kənd sakinlərindən ağsaqqal, şəhid atası Sarı Hüseynov, Qarapapaq kənd ümumi orta məktəbin direktoru Şəhla Bayramova, Qiyafət Yusifova, Xətayə Yaqubova, Fiqura Bağırova, Nəzirə Nəsibli, Sevda Bağırova, Şəfaqət Mehtiyeva, Ramiz Yusifov, Rasim Yaqubov, Arzuman Xasməmmədli, Qədir Vəliyev, Əzim Göyəzənli və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, Qarapapaq kəndində yaşayan sakinlərə göstərdiyi xüsusi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən kənddə qazda təzyiqin, işıqda gərginliyin zəif olması, yolun xırlanması, içməli suyun təmin olunması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Bununla bağlı məsələnin yerində araşdırılması və nəzarətə götürülməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib.
İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, Qarapapaq kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır.