Məzəm kəndində istinad divarlarının çəkilişi başa çatıb
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, 168 km məsafədə düşmənlə sərhəddi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında qalan Qazaxda Vətənin ərazi bütövlüyü, sərhəddə yaşayan sakinlərə hər zaman diqqət və qayğı göstərilir.
25 ildən çoxdur ki, rayonun işğal altında olan kəndləri ilə yanaşı, 5 kəndi də daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Bunlardan sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Digər kənd sakinləri kimi Məzəmdə yaşayan sakinlər də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu kənd də 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən Məzəm kəndi və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin sərhəd bölgəsində yaşayan məzəmlilərə qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqların yerindəcə həll etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi bunu bir daha sübut edir. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür. Ötən il atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 21 evin qarşısına 1381 p/m uzunluğunda müdafiə hasarları çəkilmişdir. Vətəndaşların müraciətləri nəzərə alınaraq kənddə daha 12 evin qarşısına müdafiə hasarlarının çəkilməsi nəzərdə tutulmuşdur. Həmin evlərin qarşısına 238 p/m (714 kv.m) uzunluğu və 3 metr hündürlüyü olan istinad divarlarının çəkilməsi tam başa çatmışdır.
Kənd sakinləri Vüqar Nəsibov, Rafiq Məmmədov, Şofiq Məmmədov, Misir Məmmədov, Varis Məmmədov, Akif Məmmədov və başqaları sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə ölkə başçısı İlham Əliyev cənablarına bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirirlər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar.
Minnətdarlıq dolu ürək sözlərini çatdıran kənd sakinləri öz doğma kəndlərini hər an müdafiə etməyə və Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirirlər.