Səyyar görüş zamanı qaldırılan məsələlərlə bağlı müşavirə keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ötən həftə Qarapapaq kəndində sakinlərlə keçirilən səyyar görüşü zamanı qaldırılan məsələlər və onların həll olunması istiqamətində görülən işlərlə bağlı müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə kənd sakinləri, məsələ ilə bağlı təhkim olunmuş şəxslər və aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bugünkü müşavirəni keçirməkdə də əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd edib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümükün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar.
Sonra icra başçısı sakinlərin qaldırdıqları məsələlərin mövcud vəziyyəti və bununla bağlı görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, səyyar görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən kənddə qazda təzyiqinin, işıqda gərginliyin zəif olması, yolun xırlanması, içməli suyun təmin olunması ilə bağlı müraciətləri aidiyyəti şəxslərdən ibarət yaradılmış işçi qrupu tərəfindən yerində araşdırılmış və hər bir məsələnin mövcud vəziyyəti qeyd olunmuşdur.
Səyyar görüşün ertəsi gün məsələ qaldıran sakinlərin birgə iştirakı ilə evlərə baxış keçirilmiş və qazın təzyiqinin normal olması yerində öyrənilmişdir.
Müşavirədə elektrik enerjisi ilə bağlı qaldırılan digər məsələ də müzakirə olunub. Məlumat verilib ki, bu məsələ də yerində araşdırılıb. Yaxın günlərdə yeni transformatorların qoyulacağı, köhnə elektrik naqillərinin yenisi ilə əvəz olunacağı və SİP kabelləşmə işlərinin aparılacağı bildirilib. Bununla da vətəndaşları narahat edən həmin məsələnin aradan qaldırılacağı qeyd olunub.
İçməli su məsələsi ilə bağlı görülən işlər haqqında məlumat verilərək qeyd olunub ki, bununla bağlı yeni su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Suvarma suyu ilə bağlı məsələnin də həll olunması üçün arx və kanalların təmizlənməsi işlərinin görüləcəyi bildirilib.
Vətəndaşların yolun xırlanması ilə bağlı müraciətinə də baxılıb və həlli mümkün olan nə varsa, köməklik göstəriləcəyi vurğulanıb.
Vətəndaşların müraciətləri ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb. Vətəndaşların müraciətlərinin tez bir zamanda öz müsbət həllini tapması üçün lazımi işlərin görülməsini bildirib.
Müşavirədə iştirak edən kənd sakinlərindən Əzim Göyəzənli, Ramiz Yusifov, Rasim Yaqubov, Arzuman Xasməmmədli və başqaları çıxış edərək onların müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Hər bir məsələnin öz müsbət həllini tapacağına əmin olduqlarını qeyd ediblər.