Çaylı kəndində də abadlıq və quruculuq işləri uğurla davam etdirilir
Son 2 il 4 ay ərzində abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda nəinki şəhər mərkəzində, eləcə də bütün kəndlərdə genişmiqyaslı işlər görülür. Bütün kəndlərdə istər əhalinin rahatlığının təmin olunması, istər kəndin abadlaşması, müasir görkəmə salınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də Çaylı kəndidir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən kənd sakinləri ilə mütəmadi görüşlər keçirməsi, qayğıları ilə maraqlanması, kənddəki mövcud vəziyyti yerində öyrənməsi bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də Çaylı kəndində olub, kənddə aparılan abadlıq işləri ilə maraqlanıb.
Rayon rəhbəri əvvəlcə kənddə yerləşən köhnə idman zalının inzibati binasının mövcud vəziyyəti ilə tanış olub. Görülən işlərlə tanış olan rayon rəhbəri idman zalının yenidən bərpa olunmasını yüksək qiymətləndirib. Gənclərin idman sahəsinə olan marağının təmin olunmasında idman zalına böyük tələbat olduğunu bildirib. Binanın təmir olunması və gənclərin istifadəsinə verilməsi üçün tapşırıq və tövsiyələrini verib.
Sonra icra başçısı Çaylı kənd 1 saylı tam orta məktəbində olub, məktəbin həyətində olan köhnə binaya baxıb. Otaqlarla tanış olan rayon rəhbəri binanın mövcud vəziyyəti ilə maraqlandıqdan sonra müəllimlərlə görüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Sonra rayon rəhbəri rayonumuzda, eləcə də bütün kəndlərdə görülən işlərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi “Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözlərinə bu gün də böyük hörmətlə yanaşılır. Respublikamızda istifadəyə verilən yeni yollar kəndlərimizdə iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, bütün sahələrin inkişafına təkan verir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol tikintisi geniş vüsət almışdır. Bu gün şəhər və rayonlarla yanaşı kəndlərimizə də yüksək keyfiyyətli yollar çəkilir. Çaylı kəndinə çəkilmiş uzunluğu 6 km olan yeni asfalt yol da bunun əyani sübutudur.
Məktəbin direktoru Çəməngül İsmayılova, müəllimlərdən Gülüstan Göşşüyeva, Rübabə Məmmədrzayeva, Əsmayə Carçıyeva və başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Rayonda görülən işləri, xüsusilə də Çaylı kəndinə yeni yolun çəkilməsini yüksək qiymətləndirərək Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını çatdırıblar.
Rayonda çoxsaylı bağçaların tikintisindən söz açan sakinlər Çaylı kəndində də bağçanın tikintisinə böyük ehtiyac olduğunu qeyd ediblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Çaylı kəndində də yeni bağçanın yaradılmasının nəzərdə tutulduğunu və bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini bildirib.