Vətəndaşların müraciətlərinə yerində baxılıb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən həftə Qarapapaq kəndində sakinlərlə keçirilən səyyar görüş zamanı qaldırılan məsələlər və onların həll istiqamətində görülən işlərlə bağlı yerində baxış keçirib.
Kənd sakinlərinin, məsələ ilə bağlı təhkim olunmuş şəxslərin və aidiyyəti idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən baxış zamanı qaldırılan məsələlər bir daha müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bu məsələrlə bağlı ötən həftə müşavirə keçirildiyini və həlli istiqamətində görüləcək işlərin ətraflı şəkildə müzakirə edildiyini bildirib.
Sonra icra başçısı sakinlərin qaldırdıqları məsələlərin mövcud vəziyyəti və bununla bağlı görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, səyyar görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən kənddə qazda təzyiqinin, işıqda gərginliyin zəif olması, yolun xırlanması, içməli suyun təmin olunması ilə bağlı müraciətləri aidiyyəti şəxslərdən ibarət yaradılmış işçi qrupu tərəfindən yerində araşdırılmış və hər bir məsələnin mövcud vəziyyəti qeyd olunmuşdur.
Səyyar görüşün ertəsi gün məsələ qaldıran sakinlərin birgə iştirakı ilə evlərə baxış keçirilmiş və qazın təzyiqinin normal olması yerində öyrənilmişdir.
Vətəndaşların elektrik enerjisi ilə bağlı müraciətləri də yerində araşdırılıb. Yaxın günlərdə yeni transformatorların qoyulacağı, köhnə elektrik naqillərinin yenisi ilə əvəz olunacağı və SİP kabelləşmə işlərinin aparılacağı bildirilib. Bununla da vətəndaşları narahat edən həmin məsələnin aradan qaldırılacağı qeyd olunub.
İçməli su məsələsi ilə bağlı görülən işlər haqqında məlumat verilərək qeyd olunub ki, bununla bağlı yeni su xətti çəkilib. Suvarma suyu ilə bağlı məsələnin də həll olunması üçün arx və kanalların təmizlənməsi işlərinin görüləcəyi bildirilib.