Xocali soyqiriminin 20-ci ildönümü qeyd olunmuşdur
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar rayonumuzda müxtəlif tədbirlər keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərovun sərəncamı ilə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq rayonun bütün məktəblərində inşa yazı müsabiqələri keçirilmiş, rəsm sərgisi təşkil olunmuşdur. Rayonun bütün idarə, müəssisə və təşkilatlarda Xocalı qurbanlarının xatirəsi anılmışdır
Tədbirlər mədəniyyət evində davam etdirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesindəki “Xocalı faciəsi-20” adlı foto-sərgiyə baxmışlar.
Sonra mədəniyyət evində tədbir öz işinə başlamışdır. Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan ətraflı söz açaraq faktların dili ilə faciəni tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd etmişdir ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırımına yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtki hakimiyyət tərəfindən bunların heç biri edilmədi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti Ümumilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra məlum oldu. Bu amansız və qəddar cinayətin ilk qiymətini Ulu Öndər Heydər Əliyev verdi. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə siyasi-hüquqi qiymət verildi. Xocalı soyqırımı haqqında qərar da həmin yığıncaqda qəbul edildi və fevral ayının 26-ı “Xocalı soyqırımı günü” elan olundu.
Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2012-ci il yanvarın 17-də “Xocalı soyqırımının iyirminci il dönümü haqqında” Sərəncam imzalamışdır. Prezidentin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müracətində deyildiyi kimİ “...Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”
Sonda Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası göstərilmişdir.