Qazaxda daha beş binada aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir
Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculq işlərindən biri də rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasıdır. Dövlət başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamı son 2 il 4 ay ərzində uğurla icra edilir. Ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilməsi bunun bariz nümunəsidir. Rayon rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi deməkdir.
Yüksək sürətlə start götürən abadlıq işləri nəticəsində təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. Həmin tam təmirli binalara "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarını misal göstərmək olar.
Şəhərdə daha 5 ədəd - Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı təmir işlərinin aparılması bu sahədə görülən işlərin artan templə uğurla davam etməsindən xəbər verir. Demək olar ki, bu binalarda da işlərin çox hissəsi görülüb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə təmir işləri aparılan həmin çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
İcra başçısına məlumat verilib ki, təmir aparılan bütün binaların bloklarında divarlarda köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb.
Bildirilib ki, təmir aparılan binalardan – 63 saylı binada görülən bütün işlər tam başa çatıb. 65 və 61A saylı binalarda bloklarda rənglənmə işləri görülür. Bundan əlavə, binaların həyətində köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb.
Görülən işlərlə tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün bildirək ki, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında görülən işlər sürətlə davam etdirilir.
4 saylı binada dam örtüyünün vurulması və bloklarda görülən işlər tam başa çatıb. Bütün bloklarda elektrik və telefon xətləri səliqəyə salınıb. Hazırda binanın xarici fasadında son tamamlanma işləri aparılır.
5 saylı binada da 3 blok tam hazırdır. Bir blokda isə rənglənmə işləri və binanın dam örtüyünün dəyişdirilməsi sürətlə davam etdirilir.
Bina sakinləri səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Bütün binalarda təmir işlərinin yüksək keyfiyyətlə aparıldığını bildirən rayon sakinləri buna görə razılıq ediblər.