Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Səyyar “ASAN qatar”ın fəaliyyəti ilə tanış olub

14 sentyabr 2018 | 16:00

Məlumat verdiyimiz kimi, sentyabr ayının 3-dən etibarən Səyyar “ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərməyə başlayıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar “ASAN qatar”ın yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. “ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.
Səyyar “ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. “ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin “ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb.
Qeyd edib ki, 25 gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə - bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi daxildir. Bundan əlavə, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə xidməti, tibb xidməti də göstərilən xidmətlər sırasındadır. 
Qrup rəhbəri E.Həsənov rayon rəhbərinə bildirib ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə başladığı gündən hal-hazıradək müraciət etmiş 1406 nəfərdən 1379 nəfərə xidmət göstərilib. Eyni zamanda, rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçasında, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlara da xidmət göstərildiyini bildirib. 4 uşaq bağçasından 59 nəfər körpə fidana ödənişsiz şəxsiyyət vəsiqələrinin təqdim olunduğunu və bu aksiyanın yenə də davam etdiriləcəyini çatdırıb.
Qeyd edib ki, Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar “ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Keçidlər