Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhər 1 saylı tam orta məktəbdə “Bilik Günü” qeyd olunub

15 sentyabr 2018 | 16:00

Respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli 114 saylı fərmanı ilə 15 sentyabr Azərbaycanın bütün təhsil müəssisələrində “Bilik Günü” kimi qeyd olunur. 2018-2019-cu tədris ilində “Bilik Günü”nün qeyd olunması və ilk dərs günləri haqqında haqqında Azərbaycan Respublikası təhsil nazirinin 30 avqust 2018-ci il tarixli, F-581 nömrəli əmrinə əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Bilik Günü” yüksək səviyyədə qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri ilə birlikdə məktəbliləri təbrik etmək üçün öncə şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə təşkil olunmuş “Bilik Günü”ndə iştirak edib.
Rayon rəhbəri əvvəlcə məktəbin foyesində şagirdlərin idman sahəsində qazandığı nailiyyətlərlə tanış olub, əldə olunan uğurları yüksək qiymətləndirib və davamlı olmasını bildirib.
Dövlət Himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova “Bilik Günü”nü açıq elan edərək bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Məktəbin direktoru Bəsti Ələkbərova çıxış edərək rayon rəhbərini, tədbirdə iştirak edən qonaqları, bütün müəllimləri, şagirdləri, valideynləri salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rayon rəhbərliyinin bu gün onları təbrikə gəlməsini istər müəllimlər, istər şagirdlər üçün əsl bayram töhfəsi olduğunu bildirib və rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. İcra başçısının təhsil sahəsinə olan qayğısından, uşaqlara olan sonsuz sevgisindən söz açaraq onlara göstərilən etimadı bundan sonra da yüksək səviyyədə doğruldacaqlarını qeyd edib. Bu il məktəbdə 61 nəfər şagirdin birinci, 58 nəfər şagirdin isə onbirinci sinfə gedəcəyini bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 15 sentyabr “Bilik Günü” münasibətilə müəllim və şagirdləri, valideynləri səmimi qəlbdən təbrik edib, Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən yüksək qayğıdan danışıb. Qeyd edib ki, ölkə başçısının göstərişinə əsasən respublikamızın bütün bölgələrində yeni məktəb binaları tikilir, müəllim və şagirdlərin təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu gün ali məktəblərə qəbul zamanı istər şəhər, istərsə də kənd məktəblərindən olan məzunların yüksək bilik nümayiş etdirməsi bu diqqət və qayğının əyani şəkildə göstəricisidir.
Rayon rəhbəri bildirib ki, bu gün rayonumuzda birincilər sırasında olan məktəblərdən biri də şəhər 1 saylı tam orta məktəbdir. Məktəb həmişə məzunlarının yüksək göstəriciləri ilə seçilib. Builki qəbul imtahanlarında XI sinfi bitirmiş 47 məzundan 31 nəfərinin ali məktəbə qəbul olması bir daha onu sübut etdi ki, 1 saylı məktəb bundan sonra da yüksək nailiyyətləri ilə rayon təhsilinə öz töhfəsini verəcəkdir. 
Bu il məktəbə ilk qədəmlərini atan 61 nəfər birincini təbrik edən rayon rəhbəri ən xoş arzuların çatdırıb, gələcəkdə məzun olub təhsil aldıqları məktəbin adını uca tutmalarını arzulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə çoxsaylı məktəblərin tikilərək istifadəyə verilməsini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini təhsilə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, rayonumuzda əsaslı şəkildə tikinti işləri aparılan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə görülən işlər bu layihənin uğurla davam etdirilməsi deməkdir.
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, istər müəllimlərə, istər şagirdlərə olan sonsuz dəyərə görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
Sonra bayram əhval-ruhiyyəli tədbirdə söz birincilərə verilib. Məktəblilər Vətənə, torpağa, anaya, orduya, dövlət atributlarımız olan bayrağa, himnimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və birincilərlə xatirə şəkli çəkdirib.

 

Keçidlər