Mehdi Hüseyn adına məktəb-liseydə ilk zəng çalınıb
Respublikamızın hər yerində qeyd olunan “Bilik Günü” M.Hüseyn adına məktəb-liseydə də yüksək səviyyədə təşkil olunub. İstər müəllimlər, istərsə də şagirdlər yeni tədris ilinin başlanmasını böyük sevinc hissi və bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
Təbrik üçün məktəb-liseyə gələn Qazax Rayon İcra Hakimiyyətinin başçısını məktəblilər əllərində-gül-çiçək dəstələri ilə qarşılayıblar.
Bu məktəbdə də Dövlət Himni səsləndikdən sonra “Bilik Günü”nə start verilib.
Məktəb-liseyin direktoru Tahirə Comərdova rayon rəhbərliyini salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib. Rayon rəhbərliyinin təhsil sahəsinə, müəllimlərə, şagirdlərə göstərdiyi qayğıdan danışıb Qeyd edib ki, fəaliyyətə başladığınız ilk gündən bütün təhsil işçiləri sizin qayğınızı hiss edir. Bunu istər çox saylı məktəb binalarının əsaslı şəkildə təmir olunmasından, istər müəllim və şagirdlərlə mütəmadi görüşlər keçirməyinizdən, rayonda təhsilin səviyyəsinin qaldırılması istiqamətində gördüyünüz çoxsaylı işlərdən aydın şəkildə görmək olur. Ötən il bizim məktəbin də əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur. Müəllimlərin dərsə hazırlıq səviyyəsinin, şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılan işçi qrupunun fəaliyyətindən söz açaraq bunun öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, məktəbdə 810 nəfər şagird təhsil alır. Bu il 58 nəfər XI sinfi bitirib ki, onlardan 41 nəfəri ali məktəblərə daxil olub. 1 nəfər 652, 5 nəfər 500-dən, 8 nəfər isə 400-dən yuxarı bal topladığını qeyd edib. Bu il məktəbə ilk addımlarını atan birincilərin isə 85 nəfər olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etdikdən sonra Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə, eləcə də rayonumuzda təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
Məktəbin builki uğurlarından söz açan icra başçısı qeyd edib ki, 58 nəfər məzundan 41 nəfərin bu il ali məktəbə qəbul olması onu göstərdi ki, təhsil sahəsinə olan qayğı ilbəil öz bəhrəsini verməkdədir.
Təhsilin inkişafı bağçalardan başlayır deyən rayon rəhbəri rayonumuzda bağça sahəsində də məqsədyönlü işlərin görüldüyünü bildirib. Bu gün Qazax rayonunda fəaliyyət göstərən 25 bağçadan (onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) böyük əksəriyyətinin yüksək səviyyədə təmir olunduğunu qeyd edib. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçalarının, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının tikilmiş və əsaslı təmir olunan bağçalar sırasında olduğunu bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək “Bilik Günü” münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamına bu gün də böyük hörmətlə yanaşıldığını və gələcəyimiz olan uşaqlar üçün məqsədyönlü tədbirlər görüldüyünü vurğulayıb.
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı müəllim və şagirdləri təbrik edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə icra başçısına rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı məktəbin müəllim və şagird kollektivini təbrik edib, dövlət tərəfindən təhsil sahəsi ilə yanaşı, ordu sahəsinə də böyük diqqət və qayğı göstərildiyini bildirib. Azərbaycan ordusunun şanlı qələbəsindən söz açaraq məktəblilərin vətənpərvər ruhda böyümələrini və tərbiyə olunmalarını arzulayıb.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da təbriklərə qoşularaq yeni tədris ilində müəllim və şagirdlərə təhsilimizin inkişafı naminə uğurlar arzulayıb. Məktəblilərə gələcəkdə Vətənə, dövlətə layiqli bir vətəndaş kimi yetişmələrini tövsiyə edib.
Məktəbin valideyn komitəsinin sədri Bayramxatın Rəhimova çıxış edərək təhsil sahəsinə göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün valideynlər adından minnətdarlığını çatdıraraq uşaqların gələcəyinin əmin əllərdə olduğunu bildirib.
Bayram əhval-ruhiyyəli tədbirdə məktəblilər Vətənə, torpağa, anaya, orduya, dövlət atributlarımız olan bayrağa, himnimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonra məktəbin ilk zəngi çalınıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda məktəbliləri bir daha təbrik edib, xoş arzularını çatdırıb və birincilərlə xatirə şəkli çəkdirib.